“Real”ın türk ulduzları... - Ən uğurlu kim olub?



 12:48 07.07.2023     349

“Fənərbaxça”nın 18 yaşlı futbolçusu Arda Gülərin Madrid “Real”ına transfer olunması Avropa futbolunda böyük müzakirə mövzusuna çevrilib. Eyni zamanda bu “kral klubun”da oynamış türk futbolçuların karyeralarını da gündəmə gətirib. 

Demedia.az  xəbər verir ki, ispanların heyətində indiyə qədər 3 türk əsilli oyunçu çıxış edib. Bunlar Mesut Özil, Nuri Şahin və Hamit Altıntopdur. 

Maraqlısı budur ki, paytaxt təmsilçisinin heyətində oynayanların hamısı baş məşqçi Joze Mourinyo olduğu zaman bu kluba keçib. 

N.Şahinlə H.Altıntop “Real”da Türkiyə yığmasını təmsil edibsə, M.Özil Almaniya millisinin üzvü kimi orada oynayıb.

“Real”ın tarixi boyu heyətində oynayan ilk türk əsilli futbolçu Mesut Özil olub. Almaniyada “Volfbsurq”un heyətində fantastik çıxışı ilə Avropa nəhənglərinin diqqətini cəlb edən yarımmüdafiəçi 2010-cu ildə Joze Mourinyonun israrlarından sonra Madrid klubu ilə razılaşmağa qərar verir. Həmin anları Özil bu cür şərh edir: “Mourinyo mənimlə telefonda danışdı və razı salmağı bacardı. “Real”ı seçməyimdə səbəb orada Kriştianu Ronaldo və Kaka kimi əfsanələrin yer alması oldu. Bu cür oyunçulardan çox şey öyrənə bilərəm”. 

İspaniyada karyerası 3 mövsüm çəkən Özil 2013-cü ildə “Arsenal”a transfer olunur. Mesutu “Real”ın ən uğurlu türk əsilli futbolçusu saymaq olar. O, bu komanda ilə çıxdığı 105 oyunda 19 qol vurub və əsas üzvlərdən biri olub. 

Mesut Özil “Fənərbaxça”da komanda yoldaşı olan Arda Gülərin sabiq komandası “Real”a keçidi barədə də danışıb. O, Madrid klubunun rəsmi instaqram səhifəsinə “Arda bir dünya ulduzu olacaq” deyə açıqlama verib. Həmçinin verilişlərin birində “səndən daha yaxşı 10 nömrə kimdir” sualını Özil “Arda Gülər” deyərək cavablayıb.

Mesutdan cəmi 1 il sonra isə Almaniyanın “Borussiya” (Dortmund) klubunda çıxış edən Nuri Şahin qitənin böyük klublarının diqqətini cəlb edir. Yurgen Kloppun rəhbərliyi altında tarix yazan “arılar”ın əsas oyunçusu Mourinyonun da sevgisini qazanır. “Special one” ləqəbli çalışdırıcı şəxsən türk futbolçuya zəng edir. Şahin zəngi bu cür xatırlayır: “Menecerimin evində idim. Mənə dedi ki, İngiltərədən bir klubla danışıram və onlar zəng edəcəklər. Düşündüm ki, ingiliscə bilirəm və danışaram. Zəng gəldi, telefonu açdıqda “salam, mən Joze Mourinyo” dedi. Menecerimə baxdım və doğru insanla danışdığımı soruşdum. Bir xeyli söhbət etdik və hər şey uğurlu keçdi. Danışığımız başa çatdıqdan sonra menecerim mənə müqaviləni göstərdi. O dəqiqə soruşdum ki, hara imza atmalıyam? Agentimə dedim ki, mənimlə belə zarafat etmə. “Real”la müqavilə imzalamaq yuxu kimi idi”. 
Nuri Şahin həm də “Real”la müqavilə imzalayan Türkiyə millisinin ilk üzvü kimi tarixə düşür. Lakin karyerası heç də uğurlu alınmır. Cəmi 4 oyunda meydana çıxır və daha sonra “Liverpul”a, “Borussiya”ya icarəyə verilir. 2014-cü ildə isə keçmiş klubu olan dortmundululara satılır. 

Həmin mövsüm Joze Mourinyo heyətə gözlənilmədən daha bir türk futbolçunu qatır. Almaniyada adından söz etdirmiş, lakin karyerasının sonuna doğru yaxınlaşan Hamit Altıntop Madrid klubuna transfer olunur. O da Nuri Şahindən bir neçə gün sonra İspaniya paytaxtına gəlir və müqaviləyə imza atır. Maraqlısı budur ki, Nuri Şahin daha istedadlı oyunçu sayılsa da, 32 yaşlı Hamit ondan daha çox forma şansı qazanır. Mourinyonun 12 oyunda meydana çıxmaq şansı yaratdığı Altıntop 1 qol da vura bilir. Bu qol Türkiyə yığmasının üzvünün “Real”da vurduğu ilk qol kimi tarixə düşür. 

“Real” tarixindəki ilk Türkiyə pasportlu futbolçu isə bosniya və herseqovinalı oyunçu Elvir Baliçdir. O, 1999-cu ildə “kral klubu”na transfer olunur və həmin dönəm üçün heyətin ən bahalı keçidi olur. Lakin zədə üzündən çox forma geyinə bilmir. 3 mövsümdə cəmi 11 oyun keçirir və 1 qol vurur. 2002-ci ildə klubdan ayrılır.  

Arda Gülər isə “Real”a transfer olunan 4-cü türkdür. Onun “kral klubun”da rekordu isə madridlilərin heyətində oynayacaq ən gənc türk oyunçu olmasıdır.