Ağdaşda polis silsilə əməliyyatlar keçirdi: 25 nəfər saxlanıldı



 09:53 08.07.2023     433

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və oğurluq cinayəti törədən şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib, ümumilikdə 25 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə Demedia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilən tədbirlər zamanı rayon ərazisində narkotik tərkibli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan 16 nəfər tutulub. Onların yaşadıqları evlərin həyətyanı sahələrində, çöllük və qəbiristanlıq ərazilərində aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdikləri külli miqdarda çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Şöbənin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar nəticəsində isə Ağdaş rayonu ərazisində narkotik vasitələrin satışı, eləcə də qanunsuz dövriyyəsini təşkil edən daha 8 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.

Keçirilən digər əməliyyat-istintaq tədbirləri zamanı isə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən xalçalar və digər məişət əşyaları oğurlayan rayon sakini tutulub. Araşdırma zamanı həmin şəxsin zərərçəkmişin yaxın qohumu, əvvəllər də bir neçə dəfə məhkum olunmuş Vüsal Gözəlov olduğu müəyyən edilib.

V.Gözəlov ifadəsində ələ keçirdiyi əşyaları dəyərindən dəfələrlə ucuz qiymətə ayrı-ayrı şəxslərə satdığını bildirib.

Davam etdirilən tədbirlərlə həmin əşyalar satdığı şəxslərdən maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.