Urmu gölü yox olmaq üzrədir - Video



 14:52 18.07.2023     352

İran hakimiyyətinin Urmu gölünün bərpası ilə bağlı apardığı təbliğata rəğmən mütəxəssislər və ekoloqlar gölün yox olma təhlükəsi ilə üzləşdiyini bildiriblər.

Demedia.az xəbər verir ki, bu barədə Günaz Tv məlumat yayıb.

İran mətbuatı ölkə Prezidenti İbrahim Rəisinin bundan əvvəl bölgəyə səfərini xatırladaraq yazır ki, dövlət başçısının səfəri zamanı Urmunun bərpasını təlqin edən görüntülər gölün ən dərin nöqtəsində çəkilmiş təbliğat xarakterli saxta videolardan ibarət olub.

Urmu gölünün canlanması üçün suya olan tələbatı ildə təqribən 3,4 milyard kub metr təşkil edir. Hər il bu miqdarda su verilərsə, gölün ekoloji səviyyəyə - yəni 15 mld kub metr su həcminə çatması təxminən 5 il çəkəcək.

Su sahəsi üzrə ekspert Ruzbeh İsgəndəri də İ.Rəisi hökumətinin Urmu gölünün bərpası və xilası prosesinin uğurlu olduğu barədə iddialarının əsassız olduğunu bildirib. O, gölün bugünkü səviyyəsi və ekoloji səviyyə ilə arada olan fərqə əsasən tamamilə quruyacağı ehtimalı olduğunu bildirib. Hazırda gölün 95 faizi quruyub və duz kütlələri ərazini səhralığa çevirib. Duz fırtınaları Şərqi və Qərbi Azərbaycan, o cümlədən Ərdəbil əyalətini ciddi təhlükə ilə üz-üzə qoyub.