Bakıda mağazadan vaxtı keçmiş məhsullar aşkarlandı
“Volt Services Azərbaycan” MMC-yə məxsus olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Əcəmi Naxçıvani ev 103, giriş 3 ünvanında fəaliyyət göstərən “Wolt Market”də nöqsanlar aşkarlanıb.
Demedia.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, agentliyin əməkdaşları sözügedən ünvanda fəaliyyət göstərən “Wolt Market”də plandankənar yoxlama həyata keçirib. Yoxlama zamanı marketdə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları müəyyən edilib. Belə ki, ticarət obyektinin satış vitrinlərində yararlılıq müddəti bitmiş hər biri 350 qr olan 2 ədəd “Ülkər” əmtəə nişanlı şokolad yağı və hər biri 1 litr olan 5 ədəd “Final” əmtəə nişanlı qarğıdalı yağı məhsulları aşkarlanıb. Satışı həyata keçirilən xardal məhsullarının etiket məlumatlarında istehsalçı tərəfindən həmin məhsulların 0 °C - +10 °C dərəcə temperaturda saxlanılmalı olduğu yazıldığı halda, vitrinlərdə +20.9 °C dərəcə temperaturda saxlanıldığı aşkar edilib.
Satış zalında soyuducularda istifadəyə yararsız məhsullarla istehlaka yararlı məhsulların bir yerdə, həmçinin qida məhsullarının ara məsafə gözlənilmədən birbaşa döşəmə üzərində və çirklənmədən mühafizə olunmayacaq şəkildə saxlanıldığı müəyyən olunub. Satışı həyata keçirilən bir sıra dondurma məhsullarının etiket məlumatlarının Azərbaycan dilinə tərcümə edilmədiyi, eləcə də satış və anbar sahələrinin temperatur və rütubəti ölçən vasitələrlə təchiz olunmadığı aşkarlanıb. Ticarət obyektindən sifariş edilən qida məhsulları daşınan nəqliyyat vasitəsinə baxış keçirilən zaman termoboksun daxili temperaturunun +27 °C dərəcə olduğu (temperatur rejiminin pozulması) və mal qonşuluğu prinsipinə zidd olaraq qida məhsulları ilə qeyri-qida məhsullarının birlikdə daşındığı müəyyən edilib.
Aşkarlanan faktla bağlı protokol tərtib olunub. Eyni zamanda nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib və müvafiq tədbirlərin görülməsi üçün müddət təyin edilib.