Allahşükür Paşazadə Misirə səfərə dəvət edildi



 16:24 01.08.2023     385

Misir Prezidenti Əbdülfəttah Sisi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəni ölkəsinə səfərə dəvət edib.

QMİ-nin Mətbuat xidmətindən Demedia.az-a bildirilib ki, A.Paşazadə avqustun 1-də Misirin Azərbaycandakı səfiri Hişam Mohamed Nağı Abdel Həmidi qəbul edib.

A.Paşazadə Azərbaycanla Misir arasında tarixən mövcud olmuş əlaqələrin əhəmiyyətindən, Misirin İslam dünyasında önəmli yerindən, habelə m isirli alim və üləmaların dəyərli irsindən ətraflı danışıb.

Misirlə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni-mənəvi müstəvidə münasibətlərin hər zaman inkişafda olduğundan məmnunluğunu ifadə edən QMİ sədri 40 ildən artıq Şeyxülislamlığı dövründə dəfələrlə Misirə səfər etdiyini, müxtəlif mötəbər elmi-dini forumlarda iştirakını səmimiyyətlə xatırlatdı və bildirdi ki, bugünədək aldığı dövlət mükafatları sırasında Misirin Əl elm və əməl ordeni xüsusi önəm kəsb edir. Misirin Azərbaycanın haqlı mücadiləsində haqqın yanında durması - Azərbaycanı müdafiə etməsini qədirbilən Azərbaycan xalqı, müsəlmanlarımız xüsusi dəyərləndirir.

Misirin dünyaca nüfuzlu Əl-Əzhar Universitetinin bütün müsəlmanlar üçün dəyərli tədris, elm, ürfan mərkəzi olması fəxarət doğurur. İslam dünyasının ən nüfuzlu dini liderlərindən biri - Əl-Əzhərin Baş İmamı, Şeyx Əhməd Ət-Tayyibin sədrlik etdiyi Beynəlxalq Müsəlman Ağsaqqalları Şurasında üzv olması ilə qürur duyduğunu qeyd edən Şeyxülislam A.Paşazadə bunun ölkələrimiz və xalqlarımızın ümumi mənafeyinə xidmət etdiyini, İslam ümməti olaraq mənəvi əlaqələrimizin, İslami həmrəyliyimizin dərinləşməsinə töhfə verdiyini vurğuladı. O, həmçinin, Beynəlxalq Müsəlman Ağsaqqalları Şurası və Qafqaz Müsəlmanları İdarəsinin müştərək əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, birgə təşkilatçılıqda beynəlxalq tədbir təşkil etmək niyyətləri barədə danışdı.

Şeyxülilslamla görüş imkanından fəxr duyduğunu bildirən misirli səfir Azərbaycanda fəaliyyət göstərməkdən məmnun olduğunu, ölkələrimiz arasında təksə siyasi deyil, elmi, dini, ictimai sahələr üzrə əlaqələrin yüksələn xətt üzrə irəliləməsindən şad olduğunu ifadə etdi. Şeyxülislam A.Paşazadəni Beynəlxalq Müsəlman Ağsaqqalları Şurasına üzv olması münasibətilə təbrik edən səfir Hişam Mohamed Nağı Abdel Həmid üzvlük barədə sənədin əslini QMİ sədrinə təqdim etməkdən şərəf duyduğunu bildirdi.

Bundan əlavə, misirli səfir Misir Prezidenti Əbdülfəttah Sisinin himayəsi ilə bu ilin oktyabrında keçiriləcək Dünya Fətva Evləri təşkilatının iclasına dəvət məktubunu Şeyxülislam A. Paşazadəyə təqdim etdi. Bu tədbir çərçivəsində QMİ sədrinin Əl-Qərafi mükafatı ilə təltif olunacağını qeyd edən səfir bu nüfuzlu təltifat münasibətilə Şeyxülislama təbriklərini ifadə etdi.