“Azəriqaz” sayğacları ilə bağlı yenilik - Foto



 13:11 03.08.2023     390

Laboratoriyanın idarə edilməsinə dair Azərbaycan Metrologiya İnstitutu və “Azəriqaz" İB arasında imzalanmış müqavilə 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək və həmin tarixdən etibarən qaz sayğaclarına metroloji xidmət Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən təmin ediləcək.

Demedia.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu və "Azəriqaz" İstehsalat Birliyi arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, “Azəriqaz” İB-nin “Sayğacların müayinəsi laboratoriyası”nın idarə edilməsi AzMİ tərəfindən həyata keçiriləcək. Müqavilənin bağlanılmasında əsas məqsəd sayğacların müayinəsinin həyata keçirildiyi laboratoriyanın təchizatçı müəssisənin nəzarətindən çıxarılaraq bu prosesin müstəqil tərəfə ötürülməsindən ibarətdir. Müqavilə 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Laboratoriyada məişət və sənayedə istifadə olunan ölçmə vasitələrinin yoxlanılması, bu vasitələrin metroloji tələblərə (xəta normalarına) uyğunluğunun təyin və təsdiq edilməsi, sənaye tipli sayğacların, həcm korrektorlarının təmiri və kalibrlənməsi işləri icra olunacaq. Həmçinin qaz sayğaclarına edilən kənar müdaxilə hallarının müəyyən edilməsi tədbirləri həyata keçiriləcək.

“Azəriqaz” İB ilə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi əsasında Azərbaycan Metrologiya İnstitutu tərəfindən “Sayğacların müayinəsi laboratoriyası”nın metroloji xidmət fəaliyyətinin idarə olunması, qanunvericiliyə uyğun olaraq ölçmə vasitələri və sınaq avadanlıqlarının yoxlanılması işlərinə nəzarətin artırılması etibarlı nəticələrin əldə edilməsi, ümumi proseslərin təkmilləşdirilməsi və səmərəliliyin artırılması, habelə məişət istehlakçılarının və sahibkarların hüquq və mənafelərinin etibarlı müdafiəsinə töhfə verəcək.

Qeyd edək ki, bu prosesin gələcəkdə digər kommunal xidmət sahələrini də əhatə etməsi gözlənilir.