Vətən müharibəsində iştirak etmiş veteranların həqiqi hərbi xidmətə qəbulu qürurvericidir



 14:14 21.08.2023     321

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 44 günlük Vətən müharibəsində iştirak etmiş doqquz veteranı həqiqi hərbi xidmətə qəbul edib.

Mövzu ilə bağlı açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov İkinci Qarabağ savaşı iştirakçılarının həqiqi hərbi xidmətə qəbul edilməsini yüksək qiymətləndirib:

“Vətən müharibəsində iştirak edən doqquz veteranın Dövlət Xidməti tərəfindən həqiqi hərbi xidmətə qəbul edilməsi olduqca təqdirəlayiq və qürurvericidir. Bu, hər şeydən əvvəl Xidmətin veteranlara olan diqqət və qayğısının nəticəsidir. Veteranların həqiqi hərbi xidmətə qəbul edilməsi faktı göstərir ki, qurum veteranların məşğulluq problemini diqqətdə saxlayır, onların hər bir müraciətinə həssaslıqla yanaşır. Xidmətin rəhbərliyi tez-tez bölgələrdə vətəndaşlarla görüşlər keçirir, onların arzu və istəkləri ilə maraqlanır, heç bir müraciəti cavabsız qoymur”.

C.Xəlilov qeyd edib ki, veteranların həqiqi hərbi xidmətə qəbulu, eyni zamanda, Vətən müharibəsində iştirak edən şəxslərin Vətənimizin, dövlətimizin müdafiəsində iştirak etmək istəyini göstərir. Bu fakt ölkəmizdə vətənpərvərlik tərbiyəsinin yüksək səviyyədə olduğunun nümunəsidir. Həmin prosesdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də böyük rolu var. Xidmət tərəfindən aparılan maarifləndirmə işi, hərbi vətənpərvərlik təbliğatı gənclərdə vətənpərvərlik tərbiyəsinin inkişafına böyük töhfə verib.

Polkovnik vurğulayıb ki, veteranlar bundan sonra da Vətənimizin müdafiəsinə töhfəsini verəcək, gənclərimizə vətənə sevgi və xidmət nümunəsi olacaqlar.