Xanım maşinst yenidən iş üçün müraciət etdi - Əsl səbəbi AÇIQLADI



 12:10 29.08.2023     300

Xəbər verildiyi kimi “Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib. Xanım maşinistin işdən çıxarılmasına səbəb kimi qatar idarə edərkən mobil telefonla danışması göstərilmişdi. Amma ötən gün “Bakı Metropoliteni” QSC-nin keçmiş xanım maşinisti Günay Həbibli işdən çıxarılması ilə bağlı səbəbin bu olmadığını açıqlamışdı.

Demedia.az  "Bizim.Media"ya istinadən bildirir ki, Günay Həbibli bu dəfə işdən çıxmasının əsl səbəbini açıqlayıb.

O, öz işinə qayıtması üçün yenidən “Bakı Metropoliteni” QSC-nin maşinist işinə qəbulla bağlı vakansiyasına müraciət etdiyini bildirib:

“2019-cu il aprel ayının 1-dən etibarən “Bakı Metropoliteni”ndə ilk xanım maşinist olaraq işə başlamışam. İyunun 17-də öz ərizəmlə işdən ayrıldım. İşdən çıxma səbəbim isə ailəvi problemlərin, konkret isə övladımın səhhətində yaranan narahatlıqlarla bağlı olub. Mən işimi, Metropoliteni çox sevirəm. İşim üçün hədsiz darıxıram. Artıq anladım ki, bu iş üçün yaranmışam.

Elə bu səbəbdən də “Bakı Metropoliteni”nin maşinist işinə qəbulla bağlı vakansiyasına yenidən müraciət etmişəm. Şükürlər olsun ki, övladımın sağlamlıq durumu da qaydasındadır. İnşallah seçim mərhələlərini keçib, kursda iştirak edib, yenidən maşinist adını qazanmaq üçün əzmlə mübarizəmi davam etdirəcəyəm. Mobil telefon filan, bunlar sadəcə dezinformasiyadır”.

“Bakı Metropoliteni”nin rəhbərliyi ilə hər hansı qalmaqala gəlincə, Günay Həbibli belə cavab verib:

“Mənim Bakı Metropolitenin rəhbərliyindən heç bir şikayətim yoxdur. O kollektivin hər bir üzvü mənim üçün əziz və dəyərlidir. Hər birinin boynumda haqqı var. 2016-cı ildən metronun çörəyini yeyirəm. O çörəyə söz demək mənə yaraşmaz. Övladımın sağlamlığı üçün işdən çıxmalı oldum, yenidən müraciət etdim”, - deyə Günay Həbibli əlavə edib.

Qeyd edək ki, Günay Həbibli 2019-cu il aprelin 1-də maşinist kimi işə başlamışdı.