“Azəriqaz”: “Bu il abonentlərin 66 %-dən çoxu aşağı qaz istifadəsi limitini keçməyib”



 11:44 01.09.2023     318

Bu ilin yanvar-iyul aylarında əhali sektorunda təbii qazla təmin olunan 1 milyon 662 min 428 abonent, yəni ümumilikdə abonentlərin 66,3 %-i 12 qəpik tarifi ilə qaz istifadəsi limitini keçməyib.

Demedia.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, ötən 7 ay ərzində 754 min 649 abonent, yəni ümumi abonentlərin 30,1 %-i 20 qəpik, 90 min 839 abonent isə (abonentlərin 3,6 %-i) 25 qəpik tarifi ilə qaz istifadə ediblər.

Qeyd edək ki, 2021-ci il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.