8 Noyabr prospektində elektrik xətti yeraltına keçirilir
“Ağşəhər”, “Həzi Aslanov” və “Əhmədli” yarımstansiyaları ilə “Bakı” İEM arasında enerji halqası yaradılır.
Demedia.az xəbər verir ki, Bakı şəhəri Xətai rayonunun sürətlə artan sənaye və sosial obyektlərin, o cümlədən “Ağ Şəhər” kompleksinin elektrik təchizatının etibarlığının və dayanıqlığının yüksəldilməsi, “Bakı” İstilik Elektrik Mərkəzində istehsal olunan enerjinin ötürülməsində məhdudiyyətlərin, həmçinin 110 kV-luq “Əhmədli” və “8-ci kilometr” ötürmə xətlərində ifrat yüklənmənin aradan qaldırılması məqsədi ilə “AzərEnerji” tərəfindən yeni layihənin icrası həyata keçirilir.
Hazırda layihənin icrası üzrə 110 kV-luq “Həzi Aslanov” və “Ağ Şəhər” yarımstansiyaları arasında yeraltı ikidövrəli kabel xətlərinin “Bakı” İstilik Elektrik Mərkəzinin 110 kV-luq yarımstansiyasına giriş-çıxış sxemi ilə qoşulması üzrə işlər davam etdirilir. Bu məqsədlə 8 noyabr prospektində nəqliyyatın hərəkətini dayandırmadan, qismən məhdudlaşdırmaqla işlər aparılır.
Qeyd edək ki, 8 noyabr prospektində işlər yekunlaşmaqdadır.
Paralel olaraq “Bakı” İstilik Elektrik Mərkəzinin 110 kV-luq yarımstansiyasında yeni avadanlıqlarla komplektləşdirilmiş 2 ədəd yuva quraşdırılır. Nəticədə, 110 kV-luq “Əhmədli”, “Həzi Aslanov”, “Ağşəhər” yarımstansiyaları ilə “Bakı” İstilik Elektik Mərkəzinin enerji halqası yaradılır. Ən əsası isə 8 noyabr prospektinin estetik görünüşünü gözəlləşdirmək məqsədi ilə “Bakı” İstilik Elektrik Mərkəzi ilə “Həzi Aslanov” yarımstansiyası arasında hazırda mövcud olan yüksək gərginlikli köhnə dayaqlardan ibarət ümumilikdə 1,4 km uzunluqda hava xətti sökülərək ləğv ediləcək. Həmin hava xətti yeraltı kabel xəttinə keçiriləcək.