DYP bu şəxslərə xəbərdarlıq etdi



 16:10 05.09.2023     305

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib.

BDYPİ-dən Demedia.az-a daxil olan məlumata görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də texniki tələblərə cavab verməyən kənd təsərrüfatı texnikalarının avtomobil yollarında hərəkətinə rast gəlinir.

"Məlumdur ki, istifadəyə yararsız, konstruksiya bütövlüyü pozulmuş, xarici işıq cihazları nasaz, dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikası ilə daşımaların həyata keçiriməsi sürücünün özü və digər hərəkət iştirakçıları üçün xoşagəlməz nəticələr və ciddi​ təhlükə yarada bilər. Bununla yanaşı, unutmamalıyıq ki, əkin sahələrində çalışan insanların qaydalara uyğun təchiz edilməmiş yük avtomobillərində, traktor və ya qoşqularda daşınması, ot kütləsinin, müxtəlif növ məhsulların qablaşdırılmadan, çəki və ölçü parametrləri aşılmaqla nəql edilməsi ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan​ amillərdəndir.

Hazırda mövsümlə əlaqədar​ əkin-biçin işlərinin sürətləndiyini​ nəzərə alaraq, bir daha kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri işə cəlb etdikləri​ əməkçilərin yol hərəkəti ilə bağlı təhlükəsizliklərinin təmin olunmasına, məhsulların daşınmasının və qablaşdırılmasının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə xüsusi diqqət yetirməyə çağırır,​ bu sahədə nəzarət tədbirlərinin gücləndirildiyini onların diqqətinə çatdırırıq", - məlumatda bildirilib.