Üzeyir Hacıbəyli festivalı ilə bağlı Bakı Musiqi Akademiyasında konsert keçirilib



 12:24 18.09.2023     286

Sentyabrın 18-də Milli Musiqi Gününün daha bir tədbiri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) keçirilib.

Demedia.az xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin məsul əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak ediblər.

BMA-nın rektoru Xalq artisti Fərhad Bədəlbəyli dahi bəstəkar Üzeyir Hacıbəylinin mədəniyyət tariximizdə rolundan danışıb. Deyib ki, Azərbaycanın zəngin musiqi mədəniyyətimizi, Üzeyir bəyin ənənələrini yaşatmalı və inkişaf etdirməliyik.

Daha sonra konsert proqramı təqdim olunub. Konsertdə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestri (bədii rəhbər və baş dirijor Xalq artisti, general-mayor Yusif Axundzadə), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova), Əməkdar artist Xəyyam Mustafazadə, solistlər Aynur İsgəndərli, Kənan Qədimov və başqaları çıxış ediblər. Proqramda Ü.Hacıbəylinin "Koroğlu" operasından "Uvertüra" və "Rəqs", "Ey Vətən", M.Maqomayevin "Odlar yurdu", F.Bədəlbəylinin "Anamız Azərbaycan", R.Axundzadənin "Qələbə marşı" əsərləri və "Heyratı" zərbi muğamı səsləndirilib.