MN: "Antiterror tədbirləri barədə Xankəndi sakinləri..."



 14:43 19.09.2023     312

Antiterror tədbirləri barədə səsgücləndirici vasitələrlə Xankəndi sakinləri xəbərdar edilir.

Demedia.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin (MN) yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir. Tədbirlər çərçivəsində yalnız legitim hərbi obyektlər və hərbi infrastruktur dəqiq silahlarla hədəfə alınır və sıradan çıxarılır.

"Yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırırıq.

Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda, səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır", - məlumatda vurğulanıb.