Sahibə Qafarova Abdulkadir Emin Önenlə görüşdü



 11:36 22.09.2023     317

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyənin APA-dakı nümayəndə heyətinin rəhbəri, qurum sədrinin təmsilçisi Abdulkadir Emin Önenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Demedia.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunaraq, qeyd edilib ki, iki ölkə arasında qardaşlıq, dostluq əbədidir və bu münasibətlər bir çox ölkələr üçün nümunədir. Vurğulanıb ki, münasibətlərimiz Ulu Öndər Heydər Əliyevin "Bir millət iki dövlət" şüarına uyğun olaraq hər gün daha da inkişaf edir və genişlənir. İki ölkənin bütün platformalarda bir-birini dəstəklədikləri qeyd olunaraq, bildirilib ki, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan bugünlərdə BMT Baş Assambleyasındakı çıxışında qardaş Türkiyənin Azərbaycanın yanında olduğunu, bizim haqq işimizə davamlı dəstəyini bir daha bütün dünyaya nümayiş etdirdi.

Görüşdə 44 günlük Vətən müharibəsi dövründə də Türkiyədən olan nümayəndə heyətlərinin Azərbaycana səfər etməsi və ölkəmizə siyasi-mənəvi dəstək verməsi xatırlanaraq, əlavə edilib ki, Azərbaycan da hər zaman Türkiyənin yanında olduğunu dəfələrlə nümayiş etdirib.

Azərbaycan və Türkiyənin qanunverici orqanları arasında da münasibətlərin yüksək səviyyədə olduğu vurğulanaraq, qeyd edilib ki, digər sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrimiz də həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində uğurla inkişaf edir. Sahibə Qafarova, plarlamentlərimiz arasında imzalanmış Anlaşma Memorandumunun əlaqələrimizin inkişafına təkan verdiyini, həmçinin, qarşılıqlı səfərlərin bu istiqamətdə önəmini diqqətə çatdırıb. O, xatırladıb ki, cari ilin iyul ayında Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlərdə də münasibətlərimizin inkişafı məmnunluqla vurğulanıb.

Görüşdə regionda baş verən son hadisələr barədə də qonaqlara məlumat verən Milli Məclisin sədri bildirib ki, Azərbaycanın sülh və sabitlik istiqamətində atdığı ardıcıl addımlara baxmayaraq, Ermənistan hərbi-siyasi təxribatlar törədərək sülhün əldə olunmasına maneələr yaradırdı. O, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin törətdiyi bir sıra irimiqyaslı hərbi təxribatlar və terror aktlarına əl atdığını qeyd edərək, bu təxribatlara cavab olaraq, ölkəmizin regionda lokal anti-terror tədbirləri həyata keçirdiyini vurğulayıb.

Spiker Sahibə Qafarova, həmçinin, Azərbaycanın işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirdiyi genişmiqyaslı quruculuq və bərpa işləri, məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün görülən tədbirlər barədə də məlumat verib.

Abdulkadir Emin Önen qəbula və göstərilən qonaqpərvərliyə görə, minnətdarlığını bildirərək, Asiya Parlament Assambleyasının Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasının yüksək səviyyədə təşkil olunduğunu, tədbirdə müzakirə olunan mövzuların aktuallığını diqqətə çatdırıb.

O, dost və qardaş ölkələrimiz arasında münasibətlərin hər zaman zamanın sınaqlarından uğurla çıxaraq, daha da möhkəmləndiyini və bu gün bütün sahələri əhatə etdiyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.