Meşəlidə qətlə yetirilən polis və hərbçilərin kimliyi MƏLUM OLDU - ADLAR
Xocalı rayonunun Meşəli kəndində dinc sakinlərin mühasirədən çıxarılmasına köməyə getdiyi üçün ermənilər tərəfindən qətlə yetirilən Azərbaycanın polis və hərbi qulluqçularının adları açıqlanıb.
Demedia.az xəbər verir ki, bu barədə Vaqif Xaçatryanın cinayət işi üzrə ittiham aktında qeyd edilib.
Bildirilib ki, 1991-ci il dekabrın 23-də mühasirədə qalan dinc sakinlərə yardım etməyə gedən, Meşəli polis bölməsinə Ağdam rayon polis (keçmiş milis) şöbəsindən ezam olunmuş, həmin şöbənin kiçik serjantları - 19 avqust 1970-ci il təvəllüdlü Rüstəmov Hidayət Eldar oğlu, 06 iyun 1969-cu il təvəllüdlü Ağayev Faiq Alış oğlu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 701 (keçmiş 18110) N saylı hərbi hissəsinin hərbi qulluqçuları, 13 oktyabr 1964-cü il təvəllüdlü leytenant Eyyubov Kamil Baba oğlu, 09 iyul 1961-ci il təvəllüdlü əsgər Qonaqov Musal Mirzağa oğlunu və könüllü özünümüdafiə dəstəsinin döyüşçüsü, 28 iyun 1961-ci il təvəllüdlü Əzimov Tahir Eyyub oğlu Vaqif Xaçatryan və erməni hərbi birləşmələrinin digər üzvləri tərəfindən qətlə yetirilib.
Xatırladaq ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Onun üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.