Maşına oturub bıçağı qadın sürücüyə dirədi - Görün Bakıda nələr oldu



 17:00 27.10.2023     329

Bakıda qadın sürücüyə qarşı quldurluq hadisəsi baş verib.

Publika.az Publika.az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Moskva prospektində, metronun 20 Yanvar stansiyası yaxınlığındakı işıqforda baş verib. Naməlum şəxs saat 19:40 radələrində havanın qaranlıq olmasından istifadə edərək işıqforda dayanmış “Hyundai Elantra” markalı, 99 FX 891 dövlət qeydiyyat nişanlı minik avtomobilinə daxil olub.

O, qabaq sərnişin oturacağında əyləşərək bıçağı sürücü G.Mehdiyevaya dirəyib. Həmin şəxs qadını hədələyərək, maşını insanların nisbətən az olduğu Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi 63 nömrəli evin yaxınlığına sürdürüb. Burada o, qadını qorxudaraq maşından düşürüb. G.Mehdiyevanın düşüb qaçdığını görən şəxs dəyəri 21 min manat olan avtomobili, dəyəri 4000 manat olan “İphone 13 Pro Max” markalı telefonu, 180 manat dəyərində əl çantasını içərisindəki 150 manat dəyərində kosmetik vasitələri, 100 manat dəyərində parfümeriya, 50 manat pul, mühüm şəxsi sənədləri götürərək oradan qaçıb.

Avtomobil 1 gün sonra Nərimanov rayonu F.X.Xoyski küçəsində tapılıb. Polisin həyata keçirdiyi tədbirlər nəticəsində quldurluq cinayətini törətmiş 1982-ci il təvəllüdlü Ramil Əliyevin yeri müəyyən edilərək tutulub.
Həmin şəxsin başqa şəxsə də oxşar quldurluq əməli törətməsi, həmçinin əvvəllər ağır cinayətə görə 15 il həbsdə yatması da məlum olub.

Saxlanılan şəxs barəsində açılmış cinayət işinin materialları ərazi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən proses oktyabrın 16-da başa çatıb və hökm elan edilib.
Ramil Əliyev 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.