Azərbaycanda çörək ucuzlaşdı



 14:40 28.10.2023     651

Oktyabrın 26-dan Azərbaycanın bir sıra ticarət şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 60 qəpikdən 55 qəpiyə düşüb.

Demedia.az xəbər verir ki, bu, 2023-cü ildə çörəyin 3-cü ucuzlaşmasıdır.

Belə ki, bu ilin mart ayında sözügedən çörəyin qiyməti 70 qəpikdən 65 qəpiyə, iyun ayında isə 65 qəpikdən 60 qəpiyə düşmüşdü. Beləliklə, il ərzində qiymətdə ümumilikdə 21,4 % azalma olub.

Xatırladaq ki, son bir neçə ayda dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğda ucuzlaşıb. Belə ki, bu ay ərzaqlıq buğdanın 1 tonunun orta aylıq idxal dəyəri 230,9 ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni ayı müqayisədə təqribən 28 % azdır. Eyni zamanda beynəlxalq proqnozlarda bu il buğda istehsalının artacağı vurğulanır.

Çörəyin qiymətinin enməsinə səbəb kimi unun topdansatış qiymətlərinin aşağı düşməsi göstərilə bilər. Respublikada aparılan antiinflyasiya tədbirləri çərçivəsində monitorinqi həyata keçirən Dövlət Xidmətinin internet səhifəsinə istinadən 26 oktyabr 2023-cü il tarixə olan məlumata əsasən, 50 kq-lıq qablaşdırmada un kisəsinin topdansatış qiyməti 26,4-28,5 manatdır. 2022-ci ilin oktyabr ayında unun topdansatış qiyməti 40-40,15 manat olub.

Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı (o cümlədən əsas idxal bazarlarındakı) qiymətlərinə uyğun formalaşır. Tələb-təklif prinsipinə uyğun olaraq daxili bazarda unun topdansatış qiymətinin aşağı düşməsi öz növbəsində çörəyin qiymətinə də birbaşa təsir edib.