Heyvanlar aləmində pandemiya: İnsanlar da təhlükədə



 22:00 29.10.2023     465

Quş qripinin (HPAI - H5N1) hazırkı epidemiyası 2021-ci ilin sonunda sürətlənməyə başlayıb və artıq milyonlarla çöl quşunun, həmçinin digər heyvanların ölümünə səbəb olub. Hazırda alimlər hesab edirlər ki, rəsmi rəqəmlər aysberqin görünən hissəsidir və lazımınca qiymətləndirilmir.

Tədqiqatçıların fikrincə, quş qripi quşçuluq sənayesinə kommersiya təsirinə görə bütün dünyada KİV-in manşetlərinə çevrilib. Ancaq ən böyük təhlükə köçəri quşlardan gəlir. Yeni tədqiqatın müəllifləri Börd adasında (Hind okeanındakı mərcan adası, Seyşel adaları arxipelaqının ən şimalı) ölü qonur sahil qağayıların cəsədlərini aşkar ediblər. Quşlarda aparılan testlər onlarda H5N1 olduğunu təsdiqləyib.

Beləliklə, quş qripi rəsmi olaraq buz qitəsinə - Antarktidaya çatıb.

Güman edilir ki, sahil qağayıları Cənubi Amerikadan miqrasiya yolu üzərində yerləşən Argentinada quş qripinə yoluxmuş ola bilərlər. Qeyd edək ki, bundan əvvəl alimlər Argentinada çöl quşlarının və suitilərin kütləvi şəkildə ölümünü qeydə alıblar.

Alimlər güman edirdilər ki, Antarktidada quş qripi virusunun ilk ortaya çıxdığı yer məhz Börd adası ola bilər. Məsələ burasındadır ki, 4,8 kilometr uzunluğunda olan bu torpaq sahəsi bir çox quş koloniyalarına ev sahibliyi edir. Tədqiqatçılar Börd adasından elmi tədqiqatlar üçün mühüm baza kimi istifadə edirlər, çünki bu adada 50 000 cüt pinqvin, 65 000 suiti və inanılmaz sayda vəhşi quş yaşayır. Bundan əlavə, bu yer çoxlu sayda nəsli kəsilməkdə olan növlərə ev sahibliyi edir.
Nəticədə alimlər adada quş qripinin yaranmasının dağıdıcı nəticələrə səbəb ola biləcəyindən ehtiyat edirlər. Qeyd edək ki, H5N1-dən ölən qonur sahil qağayılarının populyasiyası onsuz da əlverişsiz vəziyyətdə idi. Təkcə son beş ildə onların sayı 47% azalıb və elm adamları hələ də bunun dəqiq səbəbini deyə bilmirlər. Quşların nəslinin kəsilməsində yuva yırtıcılığının, kleptoparazitizmin və ov üçün yüksək rəqabətin mühüm rol oynadığı güman edilir.

ÜST epidemiya mərkəzindən bildirilir ki, bu gün müşahidə edilənlər heyvanlar aləmində baş verən pandemiyadır. Hazırda insanlar üçün yalnız kiçik bir təhlükə var, lakin köçəri quşlar quş qripinin inkişafına və yayılmasına kömək edir - bu, hər şeyi dəyişə bilər. Təşkilatdan bildirilib ki, məməlilərdə yoluxmaların sayının artması insanlar üçün riskləri artırır.