Prezident: "Qoşulmama Hərəkatına sədrliyimizin uzadılması Hərəkat çərçivəsində fəaliyyətimizə verilən yüksək qiymətin göstəricisidir"
"Qoşulmama Hərəkatına sədrliyimizin müddətinin yekdilliklə 2023-cü ilə qədər bir il daha uzadılması Azərbaycanın Hərəkat çərçivəsində fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir".
Demedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev Hərəkatın “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfransının iştirakçılarına müraciətində deyib.
"Qoşulmama Hərəkatının tarixində ilk dəfə olaraq “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən Konfransda sizi salamlayıram.
Üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycan 2019-cu ildə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının sədri seçilmişdir. Sədrliyimizin müddətinin yekdilliklə 2023-cü ilə qədər bir il daha uzadılması Azərbaycanın Hərəkat çərçivəsində fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. Biz ölkəmizə olan bu etimadı yüksək qiymətləndiririk.
Azərbaycan sədrliyi dövründə Bandunq Prinsiplərinə sadiq qalaraq Qoşulmama Hərəkatının gündəliyinin irəlilədilməsi və beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində mühüm səylər göstərmişdir.
Qeyd etmək lazımdır ki, məhz Qoşulmama Hərəkatı COVID-19 pandemiyasına qarşı qlobal səylərin səfərbər olunmasında aparıcı rol oynamışdır. 2020-ci ilin dekabr ayında Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyası təşkil edilmişdir.
Biz bəzi ölkələrin yürütdüyü “vaksin milliyətçiliyi” siyasətinə səssiz qalmadıq və vaksinlərin ədalətli şəkildə bölüşdürülməsini təşviq etdik. Humanist dəyərləri əsas götürərək Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv dövlətlər olmaqla 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım göstərdi. Bununla yanaşı, bu il Azərbaycan Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyanın fəsadlarının aradan qaldırılması məqsədilə maliyyə vəsaitinin ayrılması barədə qərar qəbul etdi", - Prezident qeyd edib.