Nazirlər Kabineti qida və yem məhsulları ilə bağlı qərar verdi
Nazirlər Kabineti “Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydası, həmin məhsul, material və məmulatlar gömrük ərazisinə gətirilməzdən əvvəl göndərilən elektron bildirişin forması və təqdim edilmə müddətləri, qida və yem məhsullarının tranzit daşıması Qaydası”nı, eləcə də “Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün təhlükəsizliyini təsdiq edən müvafiq sənədlə müşayiət edilməli olan qida və yem məhsullarının Siyahısı”nı təsdiq edib.
Demedia.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.
Bundan başqa, hökumətin “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında” 16 iyul 2018-ci il tarixli qərarı ləğv olunub.
Yeni qərara əsasən, qida və yem məhsulları ölkəyə avtomobil, dəniz və dəmir yolu ilə gətirildikdə nəqliyyat vasitəsinin Azərbaycanın gömrük ərazisinə çatmasından azı 24 saat əvvəl, hava yolu ilə gətirildikdə isə nəqliyyat vasitəsinin ixracatçı ölkənin hava limanından yola düşməsindən azı 12 saat əvvəl “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) vasitəsi ilə bildiriş təqdim edilməlidir.
Bundan başqa, müsbət idxal əməliyyatı tarixçəsi formalaşdıqdan sonra məhsul növləri aşağıda nəzərdə tutulan dövriliklə eynilik və fiziki nəzarət tədbirlərinə cəlb edilir:
- risk balı 1 olan məhsul növləri üzrə hər 100 idxal əməliyyatının təsadüfi seçim yolu ilə müəyyənləşdirilən ən çoxu 12 %-i;
- risk balı 2 olan məhsul növləri üzrə hər 100 idxal əməliyyatının təsadüfi seçim yolu ilə müəyyənləşdirilən ən çoxu 17 %-i;
- risk balı 3 olan məhsul növləri üzrə hər 100 idxal əməliyyatının təsadüfi seçim yolu ilə müəyyənləşdirilən ən çoxu 34 %-i.