Bakı metrosunda kişi sərnişin stansiya yoluna düşüb
"Xalqlar dostluğu" stansiyasında 65-70 yaşlar arası kişi sərnişin, ilkin məlumata əsasən, ehtiyatsızlıq səbəbilə qatar stansiyaya daxil olarkən, stansiya yoluna düşüb.
Bu barədə Oxu.Az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, dərhal stansiya yolundan yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti dəvət olunub:
"Stansiya işçisi və polis əməkdaşının operativ gördüyü tədbirlər sayəsində sərnişin stansiya yolundan çıxarılıb, ona ilkin yardım göstərilib. Təcili tibbi yardım personalı xəsarət almış sərnişinə ilkin tibbi yardım göstərib. Sərnişin təcili tibbi yardım xidməti ilə yola salınıb. Təmas relsində yüksək gərginlik bərpa edildikdən sonra, qatar stansiyanı tərk edib. Polis və stansiya işçi personalının çevik tədbirləri nəticəsində qatarların hərəkətində intervaldan əlavə cəmi beş dəqiqə yubanma qeydə alınıb".