Hava şəraiti ilə bağlı üç istiqamətdə avtobus reysləri təxirə salınıb
Ölkə ərazisində davam edən qarlı hava şəraitinə baxmayaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yanvarın 14-ü günün ilk yarısında 90-dan çox reys həyata keçirilib.
Demedia.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, hava şəraitindən asılı olmayaraq Bakı Beynəlxalq Avtovağzalı vətəndaşlara fasiləsiz xidmət göstərir.
Paytaxtdan çıxan avtobus reysləri ilə 2 100 sərnişin paytaxtdan regionlara yola salınıb. Yollardakı vəziyyətlə bağlı Qəbələ və İsmayıllı reysləri təxirə salınıb.
Gün ərzində hərəkət cədvəlinə uyğun digər müntəzəm reyslərin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülür.
Qeyd edək ki, hava şəraiti ilə əlaqədar olaraq Bakı-Naxçıvan avtobus reysləri də təxirə salınıb.