Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayış olub, xəsarət alanlar var
Şirvan şəhərində yerləşən Araz zavodunda baş verən partlayış nəticəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz tibbi yardım şöbəsinə müxtəlif xəsarətlərlə üç nəfər (kişi cinsli) hospitalizasiya olunub.
TƏBİB-dən Demedia.az-a verilən məlumata görə, 1992-ci il təvəllüdlü şəxs sol əlin əzilmiş cırılmış yarası, 2001-ci il təvəllüdlü şəxs alın nahiyəsinin çapılmış yarası, 1999-cu il təvəllüdlü şəxs isə barotravma diaqnozu ilə tibb müəssisəsinə daxil olub.
Hər üç şəxsə zəruri tibbi xidmət göstərilir.
***
Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda partlayış olub, üç nəfər xəsarət alıb.
Hadisə zamanı Sabirabad rayon sakini, 1992-ci il təvəllüdlü İlkin Cahangir oğlu Babayev və Şirvan şəhər sakini, 2001-ci il təvəllüdlü Muradov İsmayıl İntiqam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Sənayesi Nazirliyindən isə bildirilib ki, yanvarın 23-də Müdafiə Sənayesi Nazirliyinə məxsus “Şirvan Araz zavodu” MMC-də texnoloji proses zamanı istehsalat qəzası baş verib. Qəza nəticəsində zavodun 2 əməkdaşı cızıqlarla müşayiət olunan yüngül xəsarət alıb. İlkin tibbi yardım göstərilən yaralılar dərhal xəstəxanaya çatdırılıb. Ambulator müalicə alan hər iki əməkdaş özlərini yaxşı hiss etdiklərini bildiriblər.
Şirvan Şəhər Prokurorluğundan qeyd olunub ki, yanvarın 23-də saat 15 radələrində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Şirvan Araz zavodu" MMC-də partlayış baş verməsi barədə məlumat daxil olub. İlkin araşdırmalarla hadisə nəticəsində 3 nəfərin - 1992-ci il təvəllüdlü Babayev Elçin Cahangir oğlu, 2001-ci il təvəllüdlü Muradov İsmayıl İntiqam oğlu və 1999-cu il təvəllüdlü İmanov Məhəmməd İlham oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir. Hadisənin zavodun sexlərindən birində minaatan silahın 120 mmlik mərmisinin çəkilclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir. Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.