Şəhidin qardaşı, onun həyat yoldaşını "TikTok"a görə qətlə yetirib?
44 günlük Vətən müharibəsinin şəhidi Saleh Qurbanovun həyat yoldaşı Ləman Qurbanovanı qətlə yetirməkdə təqsirləndirilən şəhidin qardaşı Taleh Qurbanovun məhkəməsi keçirilib.
Proses Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qapalı formada keçirilib.
Demedia.az xəbər verir ki, Ləman Qurbanovanın ailəsi təfərrüatı Baku TV-yə danışıb.
“Qızımın üstünə bıçaq çəkməsəydilər, Ləman o evdə qalacaqdı. Çünki o, şəhidinə hörmət qoyurdu. Qaynı balamı mal-mülkə görə boğub öldürdü”, – deyə L.Qurbanovanın anası Yeganə Məlikova bildirib.
L.Qurbanovanın xalası Firudə Rəşidovanın sözlərinə görə, Ləmanın qətli öncədən planlaşdırılıb:
“Ləmana telefon işlətməyə icazə vermirdilər. Bir ayın içində tələ qurmaq üçün ona telefon aldılar. “TikTok” yüklədiyini bəhanə edib onu öldürdülər”.
Məhkəmənin növbəti iclası fevralın 19-na təyin olunub.
Qeyd edək ki, hadisə 2023-cü il mayın 13-də Xızının Giləzi qəsəbəsində baş verib. Taleh Qurbanov şübhəli şəxs qismində saxlanılıb.