Abşeronda xeyli silah və narkotik aşkarlandı - VİDEO



 16:19 26.01.2024     309

Abşeronda ötən gün keçirilən tədbirlər zamanı 13 ədəd odlu silah əməliyyat yolu ilə aşkar edilib, 27 ədəd ov tüfəngi polis əməkdaşlarına təhvil verilib, 10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Demedia.az DİN-ə istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hüquqpozmalara qarşı ötən gün növbəti əməliyyat və profilaktik tədbirlər keçirilib. Tədbirlərlə ümumilikdə 13 ədəd odlu silah əməliyyat yolu ilə aşkar edilib, vətəndaşlarda olan 27 ədəd ov tüfəngi polis əməkdaşlarına təhvil verilib.

Qobu, Saray və Mehdiabad qəsəbələri ərazilərindən 8 ədəd əl qumbarası və 25 ədəd mərmi təhlükəsizlik tədbirləri görülməklə həmin ünvanlardan götürülüb. Narkotiklərə qarşı keçirilən 17 əməliyyat zamanı 10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Belə ki, Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş Rafiq Bədirovdan “Makarov” markalı tapança, 7 patron, eləcə də Mehdiabad qəsəbəsi ərazisindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 12 ədəd patron, Abşeron rayon sakini olan Pərvanə Musayevadan satmaq məqsədi ilə əldə etdiyi 3 kiloqramdan artıq marixuana aşkar edilib. Vətəndaşlar tərəfindən 14 ədəd tüfəng Mehdiabad Polis Bölməsinə təhvil verilib.

Saray Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Zülfi Ağadadaşov və Sübhi İsmayılovdan ümumilikdə 2 ədəd “Makarov” markalı tapança və 7 ədəd patron aşkar edilib. Vətəndaşlar tərəfindən 2 ədəd ov tüfəngi Saray Polis Bölməsinə təhvil verilib.

Ceyranbatan qəsəbəsində vətəndaşlara qarşı soyğunçuluq edən əvvəllər məhkum olunmuş Samir Məmmədov də saxlanılaraq məsuliyyətə cəlb olunub.

Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Ramid Məmmədovdan “Kalaşnikov” avtomatı, 9 ədəd patron, Ayaz Heydərovdan “Makarov” markalı tapança və 4 ədəd patron aşkar edilib. Vətəndaşlar tərəfindən 8 ədəd ov tüfəngi Qobu Polis Bölməsinə təhvil verilib. Narkotiklərin satışını təşkil edən Abşeron rayon sakini Araz Alxasovdan isə 1 kiloqrama yaxın heroin, metamfetamin, eləcə də 20 ədəd metadon həbi aşkar olunub. Qobu qəsəbəsində mənzillərdən oğurluq edən Zakir Salmanov da qeyd edilən tədbirlərin nəticəsi olaraq saxlanılıb.

Abşeron RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Toğrul Qasımov, Murad Hüseynov, Muxtar Abdullayev, Şahid Məmmədov, Nəcməddin Əlizadə, Samran Əliyoldaşov və Natiq Şıxəliyevdən ümumilikdə 7 ədəd “Kalaşnikov” avtomatı, 7 ədəd sandıqca və 41 ədəd patron aşkar edilib.

Vətəndaşlar tərəfindən 3 ədəd ov tüfəngi İdarəyə təhvil verilib. Taksi fəaliyyəti adı altında narkokuryerlik edən Azər Ağakişiyevin idarə etdiyi “Toyota Prius” markalı avomobildən 4 kiloqramdan çox marixuana aşkar olunub. Abşeron rayonunda müxtəlif vaxtlarda 20 avtomobilin şüşəsini qıraraq oğurluq edən Sabirabad rayon sakini Ümid Mirzəyev də tədbirlərin nəticəsi olaraq saxlanılıb. Rayon ərazisində oğurluqlar və müxtəlif cinayət törətdikləri üçün axtarışda olan 5 nəfər saxlanılıb, “isti izlərlə” 20 cinayətin üstü açılıb.

Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 47, xırda xuliqanlığa və xırda talamaya görə 44 fakt aşkarlanıb, mülki axtarışda olan 23 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bununla yanaşı, Abşeron rayon DYPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan 100-dən artıq, spirtli içkinin təsiri altında sükan arxasına əyləşən və nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən 28, dayanma-durma qaydalarını pozan 321 sürücü inzibati məsuliyyətə cəlb edilib.