Qələbəni Qurbanlarla qazandıq...
Azarkeşlik yalnız qazananda sevgi göstərişi olmasa da, bəzən qələbəyə olan aclığımız azarkeşlik rituallarını “yeyib”. Buna görə itkilərlə sevməkdə çətinlik çəkib uğursuzluqlarda komandanı ağ yuyub qara da sərdik. Lakin zaman göstərdi ki, qazanmaq üçün bəzən 44 gün, bəzən də 122 dəqiqə lazım gəlirmiş. Bunun üçün isə 30 il də gözləmək olar, 7 gün də…
“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu mübarizədən kənarlaşdırdı. Özü isə mübarizə apardı. Bu, “Qarabağ”ın “Braqa”ya deyil, illərdir bizə olan ədalətsizliyə mübarizəsi idi. Bu, hakimə, Avropaya - böyük topluma mübarizə idi. Bizim ədalətsizliklə mübarizədə daha əvvəl qazanmış olduğumuz immunitetimiz vardı axı. Yenə qazandıq.
“Qarabağ” oynamadı, döyüşdü. Bu dəfə onun üçün yox, o özü savaşdı. Bu gün 10 milyon könül (lü) səfərbər, 10 nəfər isə əsgər oldu. Cəbhə bölgəsinə düşən oyunçular üçün futbol meydançası təmas xəttinə döndü. Təmasda xətti yarmamağa bu dəfə hakimin heç bir kartları əngəl ola bilmədi. Unutmuşdular, yaşıl meydan elə “Köhlən atlar” üçün idi.
Söhbət o komandadan gedir ki, avrokuboklarda mərhələ keçən ilk, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan yeganə klubdur. “Qarabağ” eyni ildə həm ölkə çempionu olan, həm də ölkə kubokunu qazanaraq qızıl dubl edən ilk Azərbaycan klubudur.
Daha bir tarixi qəbələ! Zəfər! “Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsində!