Xankəndi, Ağdərə və Xocalıda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib



 16:29 07.03.2024     390

Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Demedia.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, E.Yusubov 1975-ci il avqustun 8-də anadan olub.

1996-cı ildə Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun İdarəetmənin təşkilatçısı ixtisası üzrə, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu kredit iqtisadçı ixtisası üzrə bitirib.

Özəl sektorda, Ticarət Nazirliyində, İqtisadi İnkişaf Nazirliyində, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Əmlak Komitəsində, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində müxtəlif vəzifələrdə çalışıb.

Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentində baş direktorun müavini, baş direktorun 1-ci müavini, baş direktor, Bakı şəhər Lokal Gəlirlər İdarəsinin rəisi vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2020-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, 3 övladı var.