Binəqədidə yaşayış binasındakı yanğında 14 nəfər xəsarət alıb



 12:46 06.04.2024     396

Bakının Binəqədi rayonu, Azadlıq prospektində mənzildə baş verən yanğında 14 nəfər xəsarət alıb.

Bu barədə Demedia.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən hadisə yerinə 9 təcili yardım briqadası cəlb olunub.

Xəsarət alanlardan 2 nəfər (qadın cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 2 nəfər isə (qadın cinsli) bud sümüyünün sınığı, onurğanın küt travması diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

10 nəfərə isə yerində ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, sözügedən ünvanda səhər saatlarına yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub, təhlükəsizlik tədbirləri çərçivəsində 45 nəfər binadan təxliyə edilib. Həyata keçirilmiş tədbirlərlə yanğın söndürülüb.