“Azərbaycanın xüsusi xidmət orqanları faşizm üzərində qələbəyə böyük töhfələr verib”



 17:31 10.04.2024     326

“Azərbaycanın xüsusi xidmət orqanları faşizm üzərində qələbəyə böyük töhfələr verib”.

Demedia.az xəbər verir ki, bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, İkinci Dünya müharibəsi dönəmində xüsusi xidmət orqanının əməkdaşı kimi faşizmə qarşı mübarizə aparan, böyük qələbəyə ciddi töhfələr verən bu şəxslərdən biri də Məmmədhüseyn Əsədov olub:

“İkinci Dünya müharibəsi zamanı Azərbaycan xalqının yüz minlərlə nümayəndəsi əldə silah ön cəbhədə faşizmə qarşı mübarizə apardığı bir zamanda xüsusi xidmət orqanlarımızın yüzlərlə əməkdaşı dünyanın müxtəlif ölkələrində faşizmə qarşı mübarizədə aktiv iştirak edir, düşmənin təxribatçı planlarının qarşısının alınması istiqamətində böyük əzm ortaya qoyurdu. Azərbaycan xalqının bu qəbildən olan böyük oğullarından biri də Məmmədhüseyn Əsədov olub.

İkinci Dünya müharibəsi zamanı İranda alman kəşfiyyatına qarşı əməliyyatların hazırlanmasında iştirak edən, düşmənin planlarını uğurla de-şifrə edərək bu barədə rəhbərliyi operativ şəkildə məlumatlandıran Məmmədhüseyn Əsədov, 1943-cü ilin Tehran görüşündə sadəcə öz adına deyil, Azərbaycan xüsusi xidmət orqanları adına böyük bir nailiyyətə imza atdı. Həmin vaxt SSRİ və onun müttəfiqlərinin İranda keçirilən görüşü zamanı faşistlərin sui-qəsd planı haqqında rəhbərliyi vaxtında məlumatlandıran Məmmədhüseyn Əsədov, bununla məlum sui-qəsdin qarşısının alınmasına nail olur. Məlumdur ki, əgər bu terror aktı reallaşsaydı, o zaman proseslər tamam fərqli məcrada inkişaf edə, dünya miqyasında hadisə və proseslərin gedişatını əhəmiyyətli dərəcədə dəyişdirə bilərdi”.

Polkovnik qeyd edib ki, həm tariximizin təbliği, həm də erməni faşizminin yalan təbliğatının qarşısını almaq baxımından vacibdir:

“Məmmədhüseyn Əsədov və onun kimi qəhrəmanların tarixi xidmətləri haqqında ictimaiyyətin məlumatlandırılması həm taiximizin təbliği, qəhrəmanlarımızın tanıdılması, həm də ermənilərin apardığı böhtan kampaniyasının, uydurma informasiyaların ifşası baxımından olduqca vacibdir.

Bu gün Ermənistan bütün tarixi proseslər kimi, faşizmə qarşı sovet xalqlarının apardığı mübarizəni də saxtalaşdırmağa, ortaya qondarma qəhrəmanlar çıxarmağa çalışır. Məqsəd Ermənistanın faşizm üzərindəki qələbədəki rolunu şişirtmək, onun qələbədə daha böyük pay sahibi olduğu yalanını təbliğ etməkdir. Bu baxımdan Ermənistan beynəlxalq ictimai rəyə qondarma qəhrəmanlar təqdim edir ki, bunlardan da biri Qevork Vartanyandır. Nə qədər gülməli də olsa, erməni tarixçiləri iddia edir ki, guya 1943-cü ilin noyabrında müttəfiqlərin Tehrandakı görüşü zamanı faşistlərin terror aktının qarşısını alan Vartanyan olub. Halbuki, bunun yalan olduğu o dövrün əksər kəşfiyyatçıları tərəfindən açıq şəkildə gündəmə gətirilib. Onların açıqlamalarında, habelə tarixi sənədlərdə qeyd olunur ki, erməni kəşfiyyatçının işi 1943-cü ildə İrandakı ingilis kəşfiyaytçılarını izləmək, onlar haqqında məlumat toplamaq olub. Yəni onun faşistlərin sui-qəsd planı və bu planın qarşısının alınması ilə hər hansı əlaqəsi olmayıb.

Vartanyan özü də 1999-cu ildə Moskvada keçirilən görüşdə Vartanyan SSRİ rəhbərliyi tərəfindən aldığı mükafatlara görə azərbaycanlılara borclu olduğunu bildirib.

Bütün bu faktlar onu göstərir ki, biz tariximizin hər bir sahəsi kimi həm də xüsusi xidmət orqanlarının tarixinin təbliğinə xüsusi fikir verməli, bu istiqamətdə daha böyük işlər görməliyik”.