Külək güclənəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ



 15:40 30.04.2024     552

Növbəti 2 gün ərzində hava şəraitinin küləkli olacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Bu barədə Demedia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 1-i və 2-si günün birinci yarısında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 ms/, arabir 20-23 m/s, 2-də yarımadanın bəzi yerlərində arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında da bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra mayın 2-si gündüz şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 5-i səhərədək fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı- ayrı yerlərdə yağıntıların (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, 2-də gündüz bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə mayın 3 və 4-də tədricən 4-8 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.