Bakıda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb



 18:31 30.04.2024     394

2024-2025-ci dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə 27 alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərəcək.

Bu barədə Demedia.az-a idarədən məlumat verilib.

Qeyd olunub ki, www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə müraciət edə bilərlər.

Alternativ qeydiyyat mərkəzləri Xəzər rayonu üzrə 88, 156, 234, Xətai rayonu üzrə 17, 165, Nizami rayonu üzrə 145, 10, Nərimanov rayonu üzrə 45, Binəqədi rayonu üzrə 83, 217, 297, Nəsimi rayonu üzrə 19, Suraxanı rayonu üzrə 279, 280, 154, Qaradağ rayonu üzrə 321, 253, 288, 110, 320, 180, Sabunçu rayonu üzrə 209, 108, 96, Səbail rayonu üzrə 163, Yasamal rayonu üzrə 18, Pirallahı rayonu üzrə isə 168 nömrəli tam orta məktəbdə yaradılıb.

Vətəndaşlar alternativ qeydiyyat mərkəzlərinə həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər müraciət edə bilərlər. Valideyn alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.

Həmçinin onlayn alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək. Qeyd edək ki, sistemdə elektron qeydiyyatdan keçə bilməyən valideynlərə “WhatsApp” vasitəsilə (050-996-76-63, 050-996-36-62, 050-996-46-68) müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən də zəruri köməklik göstəriləcək.

Birinci siniflərə qeydiyyat prosesi ilə bağlı vətəndaşlar 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölmələrinə müraciət edə bilərlər. Həmçinin valideynlər (və ya qanuni nümayəndələr) digər bütün hallarla bağlı şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə də müraciət ünvanlaya bilərlər.

Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat mayın 1-dən başlayıb sentyabrın 13-nə qədər davam edəcək.