Qarabağ Universitetində təhsil alacaq tələbələr üçün bu güzəştlər ediləcək



 12:28 07.05.2024     266

“Qarabağ Universiteti vacib layihədir. Həm hər bir azərbaycanlı, həm də azərbaycanlı təhsil işçisi üçün qürur mənbəyi olan layihədir. Burada texniki və menecment baxımından təxminən 10 ay ərzində bir ali təhsil müəssisəsini qurmaqdan danışırıq”.

Demedia.az xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev bildirib. O deyib ki, 10 ay ərzində ali təhsil müəssisəsi qurmaq çoxambissiyalı məqsəddir:

“İnanıram ki, bunun öhtəsindən gələ biləcəyik. Hazırda hər şey plana uyğun gedir, plandan geri qalmırıq. İşlərimiz bir neçə istiqamətdə gedir. Böyük bir istiqamət infrastrukturu hazırlıq səviyyəsinə gətirib çıxarmaqdır. Bilirsiniz ki, Qarabağ Universitetində həm yataqxana, həm tədris binaları müəyyən edilib. Tələbələrin asudə vaxtını keçirməsi üçün də əsaslı şəkildə işlər görürük. 800-1000 tələbənin Qarabağ Universitetində ali təhsilə başlaması özü-özlüyündə əla nəticədir. Bu il Universitetə qəbul mümkün olmalıdır, sentyabrın 15-də təxminən 1000 tələbənin orada olmasını hədəfləyirik. Amma burada kəmiyyətlə bərabər keyfiyyət də önəmlidir. İstəyimiz budur ki, həqiqətən də gənclərimiz Qarabağ Universitetinin mənəvi qürur mənbəyi elementini də anlasınlar. Eyni zamanda, Qarabağ Universitetinə keyfiyyətli təhsil almaq üçün ən yüksək nəticə göstərən tələbələr gəlsin”.

Nazir qeyd edib ki, artıq qəbul planı artıq var, 6 fakültə üzrə işlər planlaşdırılır:

“Bu il pedaqogika, iqtisadiyyat, turizm, mühəndislik, humanitar sahələr olmaqla, musiqi və incəsənətlə birgə 6 fakültə olacaq. Çünki Qarabağ musiqi və incəsənət beşiyidir. Gələcəkdə turizm və incəsənət, musiqi sahəsində olan fakültələr Şuşada fəaliyyət göstərəcək. Amma bu il Xankəndi şəhərində yerləşəcək. Tələbələrimizə çox geniş güzəşt paketi veririk, bu da onları sevindirəcək. Hər bir tələbə üçün universitetdəki təhsil ödənişsiz olacaq. Tələbələrə dövlət sifarişi ilə oxuduqlarına görə təqaüd ödəniləcək. Hər bir tələbə pulsuz şəkildə ən yüksək keyfiyyətli yataqxanalarla təmin olunacaq. Düşünürəm ki, xüsusilə bölgələrdən oxumağa gələnlər üçün bu, ailələrinə əlavə yük idi. İxtisaslar üzrə bəlli bir baldan yuxarı bal toplayan – yəqin ki, hüquqşünaslıq və mühəndislik ixtisaslarında bu 500 baldan yuxarı olacaq - tələbələrə əlavə təqaüdün ödənilməsi nəzərdə tutulub. Eyni zamanda, ilk il olduğu üçün hər bir qəbul olan tələbəyə universitet tərəfindən kompüter hədiyyə olunmasını planlaşdırırıq. Çünki proqramlarımızı elə formalaşdırmışıq ki, hər bir tələbənin mütləq kompüteri olmalıdır. Bunu dövlət qarşılayacaq. Məncə, bu güzəşt paketi də tələbələrin seçimində rol oynayacaq. Amma yenə də istəyərdim ki, abituriyentlərimiz Qarabağın gələcəyi, Azərbaycanın inkişafının lokomativi olacaq bu universiteti seçsinlər. Təbii ki, birinci il hamı üçün çətin olacaq, bizim üçün də, müəllimlər üçün də, tələbələr üçün də müəyyən qədər çağırışlarla dolu bir il olacaq. Mərhələlərə bölmüşük, birinci mərhələ sentyabrın 15-nə qədərdir. Bu vaxta qədər infrastruktur, müəllim, tələbə, qəbulun aparılması, orada ictimaiyyətin qurulması mərhələsidir. Sentyabrın 15-dən tələbələrlə və müəllimlərlə ikinci mərhələmiz başlayır. Yerli, aparıcı universitetlərimiz də bizə çox yaxından kömək edir. Sentyabrın 15-dən iyunun 15-nə qədər hər bir mərhələni hər bir tələbə ilə keçib öyrənmə prosesimiz olacaq. Nəhayət növbəti illərdə artıq hər il 1500-2000 tələbə qəbul etməklə yaxın 3-4 il ərzində 5000 tələbəyə çatmağı düşünürük. Buranın kifayət qədər tədqiqatyönümlü universitet olmasını planlaşdırırıq. Növbəti mərhələlərdə daha çox təbiət, kompüter elmləri, riyaziyyat və ümumiyyətlə hesablama kimyası, biologiyası yönündə qurulmuş proqramları planlaşdırırıq. Çox ciddi şəkildə xaricdə çalışan alimlərimizlə də işləyirik və onlar mütəmadi şəkildə həm Xankəndi şəhərində, həm onlayn şəkildə bizimlə işləyirlər. Bütün qüvvələri səfərbər edib Qarabağ Universitetini qısa bir zaman ərzində Azərbaycan təhsilinin yeni bir səhifəsinə çevirməyə çalışırıq. Başqa bir alternativ seçimimiz də yoxdur”.