Bir sıra şəxslərin əfvi ilə bağlı sərəncam icra olundu
Prezident İlham Əliyevin mayın 25-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən icra olunub.
Demedia.az xəbər verir ki, sərəncamın icrası Ombudsman aparatının, dövlət qurumlarının, ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilib.
Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrində olub, Sərəncamın vaxtında icrasını təmin ediblər.
Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki 2, 4, 10,16, 17 saylı və digər cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar. Bununla əlaqədar keçirilən tədbirlərdə çıxış edənlər əfv olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarını, Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklərinə və cəmiyyətimiz üçün bundan sonra faydalı vətəndaş olacaqlarına əminliklərini bildiriblər.
Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə azad olunmaları barədə buraxılış vərəqələrini təqdim edib.
Azadlığa çıxan şəxslər və onları qarşılamağa gəlmiş ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.