Qazilərlə bağlı HEYRƏTAMİZ İDDİA - Pulla alırlar?
Azərbaycanda fəaliyyət göstərən veteran təşkilatları ilə bağlı inanılmaz iddialar ortaya atılıb. Bildirilib ki, bu kateqoriyaya aid olan bəzi təşkilatlar qazilərə saxta medallar satırlar.
Maraqlıdır, bu iddialar reallığı əks etdirirmi?
Hərbi ekspert Emin Həsənli “Yeni Sabah”a açıqlamasında səsləndirilən iddialara aydınlıq gətirib:
“Bu mövzu bir az mübahisəli məsələdir. O medallar təkcə müharibədə göstərilən qəhrəmanlıqlara görə verilmir. Həmin təşkilatların əsasnamələrində qeyd olunub ki, Azərbaycan dövlətçiliyi uğrunda fəaliyyət göstərən, veteran təşkilatlarına kömək edən, bu mövzuda əsərlər yazan, filmlər hazırlayan və s. şəxslər təşkilat tərəfindən mükafatlandırılır. Yəni, bu cür medallar təkcə qazilər üçün nəzərdə tutulmayıb. Dövlət tərəfindən, verilən rəsmi medallar var ki, onlar ancaq müharibə iştirakçılarına təqdim edilir. Veteran təşkilatları tərəfindən vətəndaşlara verilən medallar həmin qurumun idarə heyətinin qərarı əsasında təqdim olunur”.
Ekspert tövsiyə edib ki, müharibə iştirakçıları ilə bağlı olan məsələlərdə fikir bildirdikdə bir qədər həssas davranmaq lazımdır:
“Mən “saxta qazi” sözünü qəbul etmirəm. Bu ifadə həmin müqəddəs adı gözdən salır. Müəyyən sahələrdə çalışan şəxslər var ki, fəaliyyətlərində nöqsan aşkarlanır və işlərinə xitam verilir. Müharibə iştirakçıları müqəddəsdir. Biz onları qorumalı və hörmət etməliyik. Necə ki, polisin, həkimin, müəllimin adından saxtakarlıq edənlər var, təəssüflər olsun ki, qazilərin də adından istifadə edən dələduzlar var. Bu məsələyə həssas yanaşmalıyıq. Vətən üçün can verən, qan tökən şəxslər məhz əsgərlər, şəhidlər, müharibə iştirakçılarıdır. Onlar ən vacib hüquq olan yaşamaqdan keçirlər. Bəli, o addan istifadə edənlər var ki, heç bir döyüşdə, müharibədə iştirak etmiyib. Həmin adamları hüquq-mühafizə orqanları aşkarlayıb cəzalandırmalıdır. Hər bir vətəndaş belələrinə qarşı mübarizə aparmalıdır. Həqiqətən döyüşən, vətən uğrunda can qoyan insanların böyük əksəriyyəti bu məsələdə adını hallandırmır. Təəssüf ki, bəzi kiçik qurumlarda işləyib özünü böyük hesab edən ayrıa-yrı şəxslər belə məsələlərə həssas yanaşmır. Ölkə başçısından, məmurlardan, millət vəkillərindən və xalqdan nümunə götürülməlidir. Biz vətəni seviriksə, şəhid ailələrini, müharibə iştirakçılarını da sevməliyik”.