Yeni tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlayıb



 18:00 11.07.2024     266

Bu gündən 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlayıb.

Demedia.az xəbər verir ki, qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi iyulun 16-sı saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə iyulun 18-i saat 11:00-da aktiv ediləcək.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2019-cu il təvəllüdlü) qəbul edilirlər.

Məktəbəhazırlıq qruplarına qəbul zamanı da üstünlük hüququ (valideyn və ya uşağın məktəbin müəyyənləşdirilmiş ərazisinə (dislokasiya) qeydiyyatı olmalı, bacı-qardaşı həmin məktəbdə hazırda təhsil almalı, valideynlərindən biri həmin məktəbdə çalışmalı) tətbiq ediləcək.

Azərbaycan bölməsi üzrə 16 iyul-30 iyul tarixlərində Bakı və Gəncə şəhərində yerləşən 45, rus bölməsi üzrə isə 18 iyul-1 avqust tarixlərində Bakı və Gəncə şəhərində yerləşən 111 ümumi təhsil müəssisəsində prioritet tətbiq ediləcək. Həmin müəssisələrin siyahısı ilə bu link vasitəsi ilə tanış olmaq olar.