Bakıda avtomobil sürən yeniyetmənin atası həbs edildi



 20:08 16.07.2024     283

Bakı şəhəri ərazisində sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən yeniyetmə saxlanılıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə Nizami rayonu ərazisində baş verib.

Yol polisi əməkdaşları sürücülük hüququ olmayan yeniyetmənin (E.Hacıyev) avtomobil idarə etməsini müəyyən ediblər. Bundan sonra avtomobil cərimə meydançasına aparılıb. Oğlunun sürdüyü avtomobilin aparıldığını öyrənən E.Hacıyevin atası Rauf Hacıyev Nizami DYP-yə gedərək səs-küy salıb və avtomobilin dərhal buraxılmasını tələb edib.

Övladının əməlini müdafiə edən şəxs yol polisi işçiləri ilə münaqişə yaradıb. Bundan sonra 1984-cü il təvəllüdlü R.Hacıyev saxlanılaraq ərazi üzrə polis şöbəsinə aparılıb. Onun barəsində inzibati protokol tərtib edilib.

Nizami Rayon Məhkəməsi R.Hacıyevə protokol əsasında 20 sutka həbs cəzası verib.