Agentlik: 2026-cı ilədək bağçalara uşaq qəbulunun sayı artırılacaq



 18:00 31.07.2024     328

2026-cı ilədək məktəbəqədər təhsilə cəlb ediləcək uşaqların sayının artırılması hədəflənir.

"Report" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.

O bildirib ki, hazırda Azərbaycanda bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 35% təşkil edir.

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir".

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan edib:

"Müsabiqə ilə dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqlar özəl bağçalarda boş qalan yerlərə cəlb ediləcək və təhsil haqqının bir hissəsi qrant vasitəsilə maliyyələşdiriləcək. Əlavə olaraq, icma əsaslı məktəbəqədər təhsil qrupları, qrant layihələr çərçivəsində yaradılan qısamüddətli təlim qrupları və ailə tipli təlim qrupları modeli məktəbəqədər təhsildən kənarda qalmış uşaqların məktəbəqədər təhsil xidmətləri ilə təmin olunmasını hədəfləyir".