Laçında həyatını itirən hərbçilərdən biri Göygöldə dəfn edilib
İyulun 30-da xidmətdənkənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən ilkin ehtimala görə zəhərlənib ölən Azərbaycan Ordusunun hərbi qulluqçularından biri Göygöl rayonunda dəfn edilib.
APA-nın məlumatına görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş 1984-cü il təvəllüdlü Tural Maşallah oğlu Səmədovun cənazəsi, əvvəlcə, Gəncə şəhərində yaşadığı evə gətirilib. Onunla yaşadığı evdə vida mərasimi keçirilib. Daha sonra çavuş Tural Maşallah oğlu Səmədov Göygöl rayonun Çaylı kənd qəbiristanlığında dəfn edilib.
Dəfn mərasimində Tural Səmədovun ailə üzvləri, hərbçi yoldaşları və qohumları iştirak ediblər. Hərbçi ailəli olub, bir qızı və bir oğlu qalıb.
Qeyd edək ki, iyulun 30-da xidmətdənkənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən, ilkin ehtimala görə, zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Asif Qəhrəman oğlu Emnalıyev, gizir Fərid Famil oğlu Cəbrayılov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Tural Maşallah oğlu Səmədov və çavuş Emin Oqtay oğlu Şahmarlının meyitləri aşkar edilib. Hazırda Qubadlı Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.