Müdafiə Nazirliyi məlumat yaydı -VİDEO
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) 2024-cü il üçün hazırlıq planına uyğun olaraq, artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib. Təlimin planına əsasən, bölmələr atəş mövqelərinin tutulması, artilleriya silah sistemlərinin döyüş tətbiqinə hazırlanması və digər tapşırıqlar üzrə fəaliyyətləri yerinə yetiriblər.
Bu barədə Demedia.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, real döyüş şəraitinə uyğun keçirilən təlimdə artilleriya bölmələri şərti düşmənin planlı və plandankənar hədəflərini aşkar edərək sərrast atəşlərlə məhv edib.Təlimin keçirilməsində əsas diqqət atəş dəstək qrup komandirlərinin və nizamlayıcıların hədəflərin koordinatlarını dəqiq müəyyən etməsi, məsafələrin və bucaqların düzgün ölçülməsi, eləcə də atəşin idarə edilməsi zamanı funksional vəzifələrinin praktiki icrasına və döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.