"Ekoaddımlar: Karbon ayaq izlərimiz” layihəsinin bağlanış tədbiri baş tutdu - FOTO



 13:54 13.01.2025     162

Yanvarın 11-də “Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai Birliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ekoaddımlar: Karbon ayaq izlərimiz” layihəsinin bağlanış tədbiri baş tutub.

Demedia.az xəbər verir ki, tədbirə giriş nitqi ilə başlayan layihə rəhbəri Rəşid Cəbrayılov, layihənin məqsədi və əhəmiyyəti barədə məlumat verib.

O qeyd edib ki, “Ekoaddımlar: Karbon Ayaq İzlərimiz” layihəsi dövlətin iqlim siyasətinə və iqlim dəyişikliyi ilə mübarizə səylərinə dəstək vermək məqsədi daşıyır: "Bu təşəbbüs, insanlarda karbon emissiyalarına dair məlumatlılığı artıraraq iqlim dəyişikliyinə qarşı mübarizəyə dəyərli töhfə verir".

Daha sonra söz, GEAD İctimai Birliyinin sədri Elvin Hüseynova verilib. Elvin Hüseynov təşkilatın fəaliyyəti, məqsədləri, vəzifələri və indiyə qədər həyata keçirilmiş layihələr haqqında geniş məlumat verib . O, “Ekoaddımlar: Karbon Ayaq İzlərimiz” layihəsinin karbon emissiyaları və iqlim dəyişikliyi ilə mübarizədəki əhəmiyyətini vurğulayıb.

Layihənin təlimçisi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) baş mütəxəssisi və ekoloq Kənan Hüseynov nəqliyyat sektorunun karbon emissiyaları, bu sahədə yaranan çirklənmə problemləri və onların həlli istiqamətində dövlətin atdığı addımlar barədə ətraflı təqdimatla çıxış edib.

Tədbirin əsas hissəsində layihə rəhbəri Rəşid Cəbrayılov iştirakçılara carbonfootprint.az portalını təqdim edib. O bildirib ki, bu veb platforma fərdlərin karbon ayaq izini hesablamaq üçün yaradılmışdır. Portalın məqsədi, hər bir insanın ətraf mühitə təsirini dəyərləndirməsinə imkan yaratmaq, iqlim dəyişikliyinə olan təsirini daha yaxşı başa düşməsini təmin etmək və karbon emissiyalarını azaltmaq üçün düşünülmüş qərarlar qəbul etməsinə dəstək olmaqdır.

Tədbirin sonunda layihənin icrasında fəal iştirak edən və əvəzsiz töhfələr verən könüllülərə sertifikatlar təqdim olunub.

1

1

1

1

1

1

1