Balakənin yeni icra başçısının ilk işi - Rayonun loqosunu təsis edir
Balakən rayonunun loqosunun hazırlanması nəzərdə tutulur.
Demedia.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar olaraq rayonun tarixini, mədəniyyətini, adət-ənənəsini, memarlığını, multikultural dəyərlərini və digər özünəməxsus xüsusiyyətlərini özündə əks etdirən layihələrin hazırlanaraq rayon icra hakimiyyətinə təqdim edilməsi üçün sakinlərə, yaradıcı insanlara müraciət olunub. Rayonun hər bir sakini bu mühüm və vacib layihədə yaxından iştirak edə, öz uğurlu təklifi və layihəsi ilə müraciət edə bilər.
Qeyd edək ki, daha əvvəl Balakən rayonunun loqosu olmayıb. Beləliklə, ilk dəfə olaraq, yeni icra başçısının tapşırığı ilə rayonun loqosu təsis ediləcək.
Xatırladaq ki, noyabrın 12-də Balakən rayonuna yeni icra başçısı təyin edilib. Belə ki, Göyçayın icra başçısı işləmiş Natiq Ağayev vəzifəsindən azad edilərək Balakən rayonuna icra başçısı göndərilib.
Onun sələfi İslam Rzayev isə oktyabrın 10-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Balakən Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı həbs edilib. V.Rzayev korrupsiya hüquqpozmaları və vəzifə cinayətlərində ittiham olunur.
