Azərbaycanlı ekspertlərin məqaləsi Yale Journal-da yayımlandı
Azərbaycanlı ekspertlər İbrahim Mustafayev və Orxan Akbarovun nüvə enerjisi ilə bağlı analitik məqaləsi məşhur Yale Journal of International Affairs jurnalında dərc olunub.
Demedia.az xəbər verir ki, məqalədə qlobal enerji keçidinin mühüm elementlərindən biri kimi nüvə enerjisinin rolu və qərb ölkələrinin bu sahədə liderlik mövqelərini niyə itirdiyi təhlil edilir.
Müəlliflər bildirir ki, dünyada günəş və külək enerjisi sürətlə inkişaf etsə də, onların qeyri-sabit istehsalı bazis enerji tələbatını tam ödəməkdə çətinlik yaradır və bu baxımdan nüvə enerjisi yenidən aktualdır. Qərb ölkələrinin nüvə sahəsində geriləməsi texnoloji səbəblərdən yox, struktur problemlərindən qaynaqlandığı vurğulanır.
Analizdə xüsusilə üç əsas səbət qeyd olunur: qərbin standart reaktor modelləri əvəzinə fərdi dizaynlara üstünlük verməsi, dövlət tərəfindən davamlı maliyyə dəstəyinin olmaması və uzun illər ərzində yeni reaktor tikintilərinin dayanması nəticəsində sənaye təcrübəsinin itirilməsi. Müəlliflər Çin və Rusiya kimi ölkələrin dövlət səviyyəsində nüvə siyasətini strateji sahə kimi inkişaf etdirməsinin onların qlobal bazarda üstün mövqe qazanmasına səbəb olduğunu bildirir.
Məqalə həmçinin nüvə enerjisinin enerji təhlükəsizliyi, sənaye inkişafı və geosiyasi təsir baxımından əhəmiyyətli olduğunu vurğulayır. Yazıda qərb ölkələrinin bu sahədə mövqelərini bərpa etmək üçün konkret islahatlar və dövlət səviyyəsində dəstək mexanizmlərinin gücləndirilməsi təklif olunub.
