ADPU ilə Hədəf Şirkətlər Qrupu arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR



 15:18 13.01.2026     165

Yanvarın 13-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Hədəf Şirkətlər Qrupu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Demedia.az xəbər verir ki, imzalanma mərasimində çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov qarşılıqlı birgə fəaliyyətin əhəmiyyətinə toxunaraq bildirib ki, bu istiqamətdə həyata keçirilən işlər ölkəmizdə pedaqoji təhsil siyasətinin müasir dövrün tələblərinə uyğun şəkildə icrasına, innovativ düşüncəyə malik, bilikli kadrların hazırlanmasına mühüm töhfə verir. Rektor Hədəf Şirkətlər Qrupunun bu sahədəki fəaliyyəti və təşəbbüslərini yüksək qiymətləndirib.

Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq göstərilən diqqət və hörmətə görə təşəkkür edib, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bir neçə ildir davam edən əməkdaşlıq əlaqələrinin bu memorandumla rəsmi səviyyəyə yüksəlməsinin önəmini vurğulayıb. O bildirib ki, 26–27 yanvar tarixlərində keçiriləcək “Hədəfdə STEAM 8” beynəlxalq təlim-treninqi də ADPU ilə birgə təşkil olunacaq. Qeyd edilib ki, bu beynəlxalq platforma növbəti dəfə təhsil sahəsində çalışan ekspertləri, müəllimləri və tədqiqatçıları bir araya gətirəcək, yeni elmi yanaşmaların müzakirəsi üçün imkan yaradacaq, eyni zamanda bir sıra xarici ölkələrdən olan təlimçi və ekspertlər tədbirdə iştirak edəcəklər.

Şəmil Sadiq vurğulayıb ki, imzalanan sənəd hər iki qurumun beynəlxalq təhsil müstəvisində birgə fəaliyyətinə hüquqi əsas yaratmaqla yanaşı, dövlət-özəl tərəfdaşlığının uğurlu nümunələrindən biridir.

Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov və Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, dosent Şəmil Sadiq əməkdaşlıq memorandumunu imzalayıblar.

Memorandum təhsil, elmi-tədqiqat, təcrübə, kadr hazırlığı və STEAM istiqamətləri üzrə əməkdaşlığın hüquqi çərçivəsini müəyyən etməklə yanaşı, pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrin praktik bacarıqlarının inkişaf etdirilməsi, onların əmək bazarının tələblərinə uyğun kadrlar kimi yetişdirilməsi, STEAM əsaslı təhsil modelinin inkişafı, müasir təcrübə və metodikaların birgə tətbiqi, eləcə də universitetlə Hədəf Şirkətlər Qrupu arasında elmi-metodik, praktiki və innovativ layihələrin həyata keçirilməsinə xidmət edəcək.

Sonda tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib.

1

1

1

1

1

1