Beynəlxalq Kitab Bağışlama Gününə Həsr Olunmuş Tədbir Keçirilib - FOTOLAR



 14:53 13.02.2026     127

Hədəf STEAM Liseyi Nəsimi və Masazır korpusu, həmçinin Hədəf STARS Campus balabilgələri Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil olunan 14 fevral – Beynəlxalq Kitab Bağışlama Gününə həsr edilmiş tədbirdə iştirak ediblər.

Demedia.az-ın məlumatına görə, ADPU Kitabxana-İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova bildirib ki, Kitabxana-İnformasiya Mərkəzinin ümumi fondu 746 min 221 nüsxə ədəbiyyatdan ibarətdir. ADPU kitabxanası ölkəmizin ikinci ən böyük universitet kitabxanasıdır. Eyni zamanda kitabxananın fondunda 1000 nüsxəyə yaxın nadir və qiymətli kitablar, eləcə də əlyazmalar qorunur.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov 14 fevral – Beynəlxalq Kitab Bağışlama Gününün yaranma tarixi və mahiyyəti barədə çıxış edib.

Hədəf Liseyi Masazır filialının icraçı direktoru Məmməd Məmmədli tədbirin yüksək səviyyədə təşkilinə və dəvətə görə ADPU rəhbərliyinə təşəkkürünü bildirib, eyni zamanda Hədəf liseylərində kitabxana işinin təşkili və həyata keçirilən layihələr haqqında məlumat verib.

Sonda professor Asəf Zamanova, Məmməd Məmmədliyə və balabilgələrə kitab hədiyyələri təqdim olunub.