Zərərli vərdişlərə “yox” deyirik - FOTOLAR



 15:04 13.02.2026     65

Bu gün Nəsimi Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Elçin Mirzəli və idarənin digər əməkdaşlarının iştirakı ilə Hədəf STEAM Liseyi Nəsimi korpusunun müəllim kollektivi üçün maarifləndirici görüş keçirilib.

Görüşün əsas məqsədi yeniyetmələrin zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinin təbliği və müasir dövrdə artan risk amillərinə qarşı birgə mübarizə mexanizmlərinin gücləndirilməsi olub. Çıxışlar zamanı narkomaniyanın cəmiyyətə, ailə institutuna və xüsusilə yeniyetmələrin fiziki və psixoloji sağlamlığına vurduğu ciddi zərərlər ətraflı şəkildə izah edilib. Qeyd olunub ki, narkotik vasitələrin yayılması təkcə hüquqi deyil, eyni zamanda sosial və mənəvi təhlükə mənbəyidir.

Vurğulanıb ki, zərərli vərdişlərə qarşı effektiv mübarizə yalnız hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə məhdudlaşmamalı, məktəb və ailə arasında sistemli əməkdaşlıq və davamlı nəzarət mexanizmi formalaşdırılmalıdır. Bu istiqamətdə müəllimlərin rolu xüsusi əhəmiyyət daşıyır. Onların vaxtında maarifləndirmə aparması, şagirdlərlə fərdi işin təşkili və valideynlərlə sıx əlaqənin qurulması profilaktik tədbirlərin səmərəliliyini artırır.

Tədbir çərçivəsində kibercinayətkarlıqla mübarizə, sosial şəbəkələrdə təhlükəsizlik qaydaları, şəxsi məlumatların qorunması və onlayn mühitdə uşaqların qarşılaşa biləcəyi təhlükələr barədə də geniş məlumat verilib. Rəqəmsal platformalarda diqqətli davranışın vacibliyi, naməlum link və mesajların yaratdığı risklər, eləcə də uşaqların internet istifadəsinə nəzarətin əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.

Sonda bildirilib ki, bu cür maarifləndirici görüşlərin mütəmadi təşkili sağlam və təhlükəsiz cəmiyyətin formalaşdırılmasına xidmət edir və gənc nəslin milli-mənəvi dəyərlər əsasında yetişməsinə mühüm töhfə verir.