"BİR ŞƏHİDİN KİTABI" müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOLAR



 16:50 26.02.2026     170

Fevralın 26-da – Xocalı şəhidlərinin anım günündə Hədəf Şirkətlər Qrupu və Abşeron Rayon İcra Hakimiyyətinin birgə həyata keçirdiyi “Bir şəhidin kitabı” esse-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Demedia.az xəbər verir ki, tədbir başlamazdan əvvəl Vətən uğrunda canından keçən qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Tədbirdə Hədəf Liseylərinin icraçı direktoru Nizami Hüseynov, Abşeron Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, şəhid Təbriz İsayevin həyat yoldaşı Aygün İsayeva, valideyn Ceyhun Salmanov çıxış ediblər. Çıxışlarda şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının hər bir vətəndaşın mənəvi borcu olduğu vurğulanıb.

Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə tariximizin ən şanlı səhifələrindən biridir. Bu Zəfərin Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın əsasını qoyduğu, işğaldan azad edilmiş torpaqlara yeni həyat və dirçəliş gətirdiyi xüsusi qeyd edilib. Günahsız Xocalı şəhidlərinin qisasının ordumuz tərəfindən döyüş meydanında alındığı xüsusi vurğulanıb. 

Bildirilib ki, artıq bir neçə ildir Hədəf Liseyində ardıcıl şəkildə həyata keçirilən “Bir şəhidin kitabı” layihəsi gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına mühüm töhfə verir. Bu il layihəyə 60 nəfəri Abşeron rayon məktəblərindən olmaqla ümumilikdə 75 şagird qoşulub, şəhidlərimizə həsr olunan onlarla hekayə və kitab, eyni zamanda elektron kitab hazırlanıb. Kitabların ideyası, mətnləri və tərtibatı şagirdlərin öz zəhməti və yaradıcılığı əsasında ərsəyə gəlib.

Tədbir çərçivəsində məktəblilər tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim olunub, qəhrəmanlıq ruhunda şeirlər səsləndirilib, vətənpərvərlik mahnıları ifa edilib, səhnəciklər nümayiş etdirilib. Çapdan çıxan kitabların sərgisi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonda müsabiqədə qalib gələn və həvəsləndirici yerləri tutan məktəblilərə diplom, hədiyyə və plaketlər təqdim edilib, xatirə şəkli çəkdirilib. Tədbir iştirakçıları bir daha vurğulayıblar ki, şəhidlərin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq və gələcək nəsillər üçün örnək olacaq.

1

1

1

1

1

1

1

1

1