"İşsiz müəllim ordusu yetişdirməmək üçün qəbul planlarına yenidən baxılmalıdır"
Düşünürəm ki, qarşıdakı illərdə ali təhsil müəssisələrində müəllimlik ixtisaslarına qəbul planları ciddi şəkildə yenidən nəzərdən keçirilməlidir. Bu gün əmək bazarının reallıqları göstərir ki, bəzi pedaqoji ixtisaslar üzrə məzun sayı ilə həmin sahələrə olan real tələbat arasında ciddi uyğunsuzluq yaranıb.
Xüsusilə humanitar istiqamətlər üzrə hər il minlərlə gənc müəllim diplomu alır, lakin onların hamısı məktəblərdə iş tapa bilmir. Bunun ən bariz göstəricilərindən biri Müəllimlərin İşə Qəbulu müsabiqəsinə (MİQ) müraciət edənlərin sayıdır. Hər il on minlərlə namizəd müəllim olmaq üçün imtahana qatılır. Üstəlik, müsabiqədə iştirak etməyən, uğur qazanacağına inanmadığı üçün müraciət etməyən və ya müxtəlif səbəblərdən prosesdən kənarda qalan məzunları da nəzərə alsaq, ölkədə böyük bir müəllim ehtiyatı, daha doğrusu işsiz müəllim kütləsi formalaşıb.
Bu vəziyyət həm gənclərin gələcək karyera planlarına, həm də dövlətin insan resurslarının idarə edilməsinə mənfi təsir göstərir. Çünki illərlə müəllim olmaq arzusu ilə təhsil alan gənc sonda öz ixtisası üzrə iş tapa bilməyəndə həm fərdi, həm də sosial problemlər ortaya çıxır.
Ona görə də hesab edirəm ki, ilk növbədə müəllimlik ixtisasları üzrə qəbul planları real tələbat əsasında tənzimlənməlidir. Ən çox ehtiyac duyulan istiqamətlər saxlanılmalı, artıq məzun istehsal edən sahələrdə isə plan yerləri mərhələli şəkildə azaldılmalıdır.
Eyni zamanda əmək bazarından kənarda qalan müəllimlərin yenidən hazırlanması məsələsinə də xüsusi diqqət yetirilməlidir. Bu insanlar müxtəlif təlim və ixtisasartırma proqramlarına cəlb olunaraq informasiya texnologiyaları, rəqəmsal iqtisadiyyat, süni intellekt, layihə idarəçiliyi, peşə təhsili və digər perspektivli sahələr üzrə yeni bacarıqlar qazana bilərlər. Beləliklə, həm onların işsiz qalmasının qarşısı alınar, həm də ölkənin yeni iqtisadi tələblərinə uyğun insan kapitalı formalaşar.
Mən bu məsələ ilə bağlı daha əvvəl də qeyd etmişdim ki, bəzi universitetlərdə pedaqoji fakültələrin və ya ayrı-ayrı ixtisasların qəbul planları azaldılmalı, onların yerində müasir dövrün çağırışlarına cavab verən yeni fakültələr və proqramlar yaradılmalıdır. Dünya sürətlə dəyişir. Süni intellekt, rəqəmsal texnologiyalar, yaşıl iqtisadiyyat, biotexnologiya və innovasiya yönümlü sahələr gələcəyin əsas istiqamətləri hesab olunur. Ali təhsil sistemi də bu dəyişikliklərə uyğunlaşmalıdır.
Əks halda, biz hər il əmək bazarının qəbul edə bilməyəcəyi sayda müəllim hazırlamağa davam edəcəyik və nəticədə işsiz müəllimlərin sayı daha da artacaq. Təhsil siyasətinin əsas məqsədi yalnız diplom vermək deyil, məzunları real əmək bazarına hazırlamaq olmalıdır. Bu baxımdan müəllimlik ixtisasları üzrə qəbul planlarının optimallaşdırılması artıq zərurətə çevrilib.
Təhsil texnoloqu, dosent Şəmil Sadiq
