Səs yazısı yayıldığı iddia edilən Elnur İmanovdan AÇIQLAMA - "Bu, jurnalistika deyil"



 12:43 05.08.2026     361

Səsinin yer aldığı iddia olunan audioyazı ilə bağlı Sumqayıt Tibb Mərkəzində çalışan tanınmış uşaq kardioloqu Elnur İmanov açıqlama verib.

Demedia.az həkimin müraciətini təqdim edir:

"Bu gün mənim adımdan yayılan, guya mənə məxsus olduğu iddia edilən səs yazısı ilə bağlı ictimaiyyətə müraciət edirəm.

30 ildən artıqdır ki, uşaq kardioloqu kimi çalışıram. Bu müddət ərzində minlərlə uşağın müalicəsində iştirak etmiş, minlərlə ailənin etimadını qazanmışam. Mənim peşə fəaliyyətimi, insanlara və uşaqlara münasibətimi tanıyan hər kəs yayılan iddianın nə qədər absurd olduğunu çox yaxşı anlayır.

Bu gün texnologiyanın imkanları ilə istənilən insanın səsini təqlid etmək, səs yazısını montaj etmək, cümlələri birləşdirmək və tamamilə saxta material hazırlamaq mümkündür. Üstəlik, yayılan səs mənim səsimə belə tam uyğun gəlmir. Buna baxmayaraq, heç bir texniki ekspertiza aparılmadan, heç bir sübut təqdim olunmadan və mənim mövqeyim tam öyrənilmədən bu materialın ictimaiyyətə çıxarılması qəbuledilməzdir.

Burada media qurumlarına açıq suallarım var:

Bu səs yazısını sizə kim təqdim edib?

Özünü “şikayətçi” adlandıran həmin şəxsin həqiqətən mövcud olduğunu necə təsdiqləmisiniz?

Onun iddialarını hansı sənəd, video, ödəniş qəbzi, bank əməliyyatı və ya başqa faktla yoxlamısınız?

Səs yazısının montaj olunmadığını və ya süni intellekt vasitəsilə hazırlanmadığını hansı ekspertiza ilə müəyyən etmisiniz?

Mənimlə əlaqə saxlamadan, tam və aydın mövqeyimi almadan belə bir materialı dərc etməyə hansı peşəkar və etik əsasla qərar vermisiniz?

Təranə xanımın adı da bu məsələyə daxil edilir və “görəsən, onun xəbəri varmı?” kimi müəmmalı ifadələr işlədilir. Təranə xanım hazırda məzuniyyətdədir. Onun mövqeyi öyrənilibmi? Yoxsa adı sadəcə xəbəri daha qalmaqallı göstərmək üçün mətnə əlavə olunub?

Mənbənin anonim saxlanılması jurnalistikada mümkündür. Amma anonim mənbə hər cür əsassız iddianın arxasında gizlənmək üçün vasitəyə çevrilməməlidir. Media öz mənbəsinin kimliyini ictimaiyyətə açıqlamasa belə, onun real şəxs olduğunu, məlumatın həqiqiliyini və iddianın yoxlanıldığını özü dəqiqləşdirməlidir. Əks halda hər bir media orqanı istənilən səsi özü hazırlayıb “bizə şikayət daxil olub” adı ilə istənilən şəxsin nüfuzuna zərbə vura bilər.

Bu, jurnalistika deyil.

Bir insanın illərlə qazandığı adına, nüfuzuna və peşə fəaliyyətinə qarşı təsdiqlənməmiş səs yazısı ilə hücum etmək, sonra da bunu “iddia” sözü ilə sığortalamağa çalışmaq peşəkarlıq sayıla bilməz.

Azərbaycan mediası bu gün doğrudanmı bu vəziyyətə gəlib çatıb?

Xəbəri birinci yaymaq naminə faktları yoxlamamaq, qarşı tərəfin fikrini almamaq, anonim və sübutsuz məlumatı tirajlamaq, insan taleyini klik və baxış sayına qurban vermək nə jurnalist etikasına, nə vicdana, nə də ictimai məsuliyyətə sığır.

Məndə yaranan əsas qənaət budur ki, bu məsələ təsadüfi deyil və mənim nüfuzdan salınmağıma yönəlmiş məqsədli şər kampaniyasının əlamətlərini daşıyır. Bunun kimlər tərəfindən və hansı məqsədlə təşkil olunduğunun hüquqi və texniki yollarla araşdırılmasını tələb edəcəyəm.

Səs yazısının ekspertizaya təqdim olunması, materialı ilk hazırlayan və yayan şəxslərin müəyyən edilməsi, həmçinin bu məlumatı yoxlamadan tirajlayan media qurumlarının məsuliyyətinə hüquqi qiymət verilməsi üçün bütün zəruri addımları atacağam.

Mənim susmağım zəifliyim kimi qəbul edilməsin. Mən sadəcə həkim adına, insan ləyaqətinə və qanuna hörmət edərək danışmaq üçün faktları gözləmişəm.

Həqiqət ekspertiza, sübut və hüquqla müəyyən olunur — anonim səs yazısı, sensasiyalı başlıq və sosial şəbəkə hökmü ilə yox".