Azərbaycan Tibb Universitetinin müəlliminə Qırğızıstanda iki mühüm vəzifə verildi



 14:54 04.11.2026     691

Azərbaycan Tibb universiteninin müəllimi Azərbaycan Pediatriya Assosiasiyasının İdarə Heyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru Elnur İmanov Qırğız Respublikasının səhiyyə nazirinin ictimai əsaslarla fəaliyyət göstərən müşaviri təyin olunub.

Bununla yanaşı, Elnur İmanov Qırğız Respublikasının Oş şəhərində yerləşən tibb universitetində və Həkimlərin Təkmilləşdirilməsi İnstitutunda uşaq kardiologiyası üzrə müəllim vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Elnur İmanov 1992–2001-ci illərdə Türkiyənin İstanbul Universitetinin Cerrahpaşa Tibb fakültəsində təhsil alıb. 2004–2006-cı illərdə Azərbaycan Tibb Universitetində aspirantura təhsili alıb, eyni zamanda İstanbul Universitetinin Çapa Tibb fakültəsində uşaq xəstəlikləri üzrə ixtisaslaşıb. 2006–2009-cu illərdə isə İstanbulda yerləşən Dr. Siyami Ersek Ürək-Damar Cərrahiyyəsi Xəstəxanasında uşaq kardiologiyası üzrə təhsilini davam etdirib.

O, ixtisaslaşmasını ABŞ-ın Çikaqo şəhərində yerləşən Rush Universitetində davam etdirib. 2009–2011-ci illərdə Mərkəzi Klinikada, 2011–2019-cu illərdə isə Akademik M.A. Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində çalışıb. 2019-cu ildən Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının II Uşaq xəstəlikləri kafedrasında həkim-uşaq kardioloqu və müəllim kimi fəaliyyət göstərir.

Elnur İmanov ABŞ Pediatrik və Konjenital Kardiologiya Assosiasiyasının, Avropa Kardiologiya Cəmiyyətinin müəllim heyətinin, Türkiyə Pediatrik Kardiologiya Cəmiyyətinin və Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvüdür. Onun yerli və xarici elmi nəşrlərdə 60-dan çox elmi işi dərc olunub.

Bununla yanaşı, Elnur İmanov dünya miqyaslı ABBOTT təhsil şəbəkəsində proktor həkim statusu qazanan 12 mütəxəssisdən biridir. Bu status ona Asiya, Yaxın Şərq, Qafqaz və Şimali Afrika ölkələrində invaziv uşaq kardiologiyası üzrə təlimçi kimi fəaliyyət göstərmək imkanı verir.

Elnur İmanovu bu əlamətdar təyinatlar münasibətilə təbrik edir, ona yeni fəaliyyətində uğurlar arzulayırıq!