Əfv sərəncamı 9 saylı Cəzaçəkmə Müəssisəsində icra olundu
Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.
Demedia.az xəbər verir ki, məhbusların cəza çəkdiyi bu Cəzaçəkmə Müəssisəsində sərəncam ümumilikdə 7 nəfərə şamil olunub.
Tədbir zamanı İnsan Hüquqları üzrə Müvəkkilli (Ombudsman) Səbinə Əliyeva və Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc 7 məhkuma arayışlar təqdim ediblər və onlar azadlığa buraxılıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam ümumilikdə 213 nəfər əfv edilib.
Belə ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 167 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Eyni zamanda azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.
Bundan başqa, əfv olunmuş 213 nəfərdən biri Özbəkistan, biri İran, biri də Türkiyə vətəndaş olmaqla 3-ü əcnəbi, 3-ü jurnalist və bloqer, 3-ü siyasi partiya üzvü, 20-si isə 2018-ci il iyulun 10-da Gəncə şəhərində kütləvi iğtişaşlarda iştirak edən şəxslərdir.
Qeyd edək ki, 1995-ci ildən bu günə kimi əfvetmə ilə bağlı 68 fərman və sərəncam imzalanıb, 8 987 məhkum əfv olunub. Bu sərəncamlardan 36-sı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanıb və həmin aktlar 5 885 nəfərə şamil olunub.